Qubada yeni doğulan üçəmin yaşadığı 200 illik ev FOTOLAR

31 Dekabr, 2018 12:15 | Sosial | Baxış sayı: 278
Üçəmlər
Üçəmlər

İki əsr yaşı olan ev hər an uça bilər

Dekabrın 8-də Qubada doğulmuş üçəmlərin vəziyyəti normaldır. İstiPress-in Şimal bürosunun məlumatına görə, artıq üçəmlər saxlanıldıqları Quba rayon regional Perinatal Mərkəzindən evə buraxılıblar.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərovun sözlərinə görə, körpələr doğulanda çəkiləri az olduğundan kuvezdə saxlanılıblar. Oğlan uşağının çəkisi 1 kq 450 qr, qızlarınki isə 980 və 950 qram olub. Artıq vəziyyətləri yaxşılaşdığından və çəkilərində artım müşahidə edildiyindən körpələr evə buraxılıblar. Lakin üçəmlərin səhhəti xüsusi nəzarətdə saxlanılacaq.

Körpələrin valideynləri - Nizami və Şəbnəm Əkbərovları indi ən çox narahat edən yaşadıqları evin çox qəzalı gündə olmasıdır. Alpan kəndində, ulu babasından qalan və iki əsrə yaxın yaşı olan bu ev illərdir təmir-bərpa olunmayıb, divarlarda iri çatlar əmələ gəlib. Dam örtüyü və divarlar təhlükəli vəziyyətdədir.

Kəndə təbii qaz normal verilsə də, bu evlər qazla yaxşı qızmadığından ailə üçəmlər evə buraxıldıqdan sonra otağa odun sobası qoymağa məcbur olub.

1993-cü ildə Qarabağ döyüşlərində şəhid olan Rasim Əkbərovun qardaşı olan Nizami Əkbərov indiyədək hər hansı məsələdən ötrü qapı döymədiklərini deyib. Lakin indi o rayon icra hakimiyyətindən evlərinin bərpa olunmasını xahiş edir.

İşsiz olan Nizami Əkbərov Heydər, Arzu və Leyla adı verilən üçəmlərə ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək niyyətindədir. 

Quba icra başçısının müavini Səidə Abbasova isə İstiPress-ə açıqlamasında icra hakimiyyətindən asılı olan bütün problemlərin həllində Əkbərovlar ailəsinə köməklik edəcəklərini deyib.