Bakıda iki xəttin avtobusları dəyişir

31 Avqust, 2019 15:50 | Sosial | Baxış sayı: 128
Avtobus
Avtobus

Xəttlər şikayətlərə fikir verməyən şirkətin əlindən alındı

Sentyabrın 9-dan 76 və 78 nömrəli (“Bakıxanov” dəmiryol stansiyası - “Neftçilər” metro stansiyası) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, daxil olan vətəndaş müraciətlərinin təhlili, eyni zamanda aparılan monitorinqlər nəticəsində hazırda 76 və 78 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların sərnişin tələbatını ödəmədiyi müəyyənləşdirilib.

Həmçinin ötən dövrdə hər iki xətlə bağlı sərnişinlərdən “ALO141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq daşıyıcı şirkət “Azlənd Plaza” MMC tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib.

Qeyd olunanları nəzərə alaraq, “Azlənd Plaza” MMC ilə 76 və 78 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarına dair müqaviləyə xitam verilib. Hər iki marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq “Şidli-A.İ” şirkətinə həvalə edilib. Sözügedən marşrutlar üzrə sərnişinlərə daşıyıcı şirkət tərəfindən əsaslı təmir edilmiş və nisbətən iritutumlu “Daewoo BS090” markalı avtobuslar xidmət göstərəcək.