Əlliliyi ASAN versin - deputatdan təklif

31 May, 2018 14:20 | Sosial | Baxış sayı: 60
Əlil arabası
Əlil arabası

"Bizim də, nazirliyin də canı qurtarsın"

Azərbaycanda əlilliklə bağlı problemlərin, əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsinin ASAN Xidmətə verilməsi təklif olunub.

Bu təkliflə Milli Məclisin birinci vitse spikeri Ziyafət Əsgərov bu gün keçirilən plenar iclasda çıxış edib.

“Əgər ASAN Xidmətin texniki imkanları cavab verirsə, bu məsələni birdəfəlik ona həvalə edək. Bunu birdəfəlik ASAN Xidmətə verək. Bu problem birdəfəlik bitsin, bizim də, nazirliyin də canı qurtarsın, məsələ də həllini tapsın”.

Vitse spiker dinc dövrdə əlillərin sayının sanki müharibə dövründən daha sürətlə artdığını da deyib. Onun sözlərinə görə, elə şəxslər var ki, onların haqqı çatmasa da, əlillik ala bilir. Elələri də var ki, haqqı çatır, ala bilmir. "Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı-ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əlillik düzgün müəyyənləşdirilsə və verilsə, həqiqi əlillərin pensiya və müavinətlərinin artırılması məsələsi gündəmə gələ bilər”.