Bu müəllimlər niyə diaqnostik qiymətləndirməyə buraxılmır?

31 May, 2018 11:50 | Sosial | Baxış sayı: 2018
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Təhsil Nazirliyindən müəllimləri narazı salan imtahanla bağlı açıqlama

Təhsil Nazirliyi müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmamasına aydınlıq gətirib.

Təhsil Nazirliyindən bildirilib ki, diaqnostik qiymətləndirmənin nəticəsi əmək müqaviləsinin daimiləşməsi üçün əsas sayılmadığı üçün müddətli əmək müqaviləsi ilə müəllim işləyənlərin diaqnostik qiymətləndirmədə iştirakı nəzərdə tutulmayıb.

Qeyd edək ki, ancaq müddətsiz əmək müqaviləsi ilə işləyən şəxslərin diaqnostik qiymətləndirmədə iştirakı bir qrup şəxsin narazılığına səbəb olub. Narazı şəxslər əsas iş yerində müddətli əmək müqaviləsi ilə işləyən minlərlə müəllimin qiymətləndirmənin keçirilməsi ilə bağlı hazırda qüvvədə olan Qaydaların tələblərinə zidd olaraq qiymətləndirmə imtahanlarına buraxılmadığını və onların bu tədbirdə iştirak etmək hüquqlarının pozulduğunu iddia ediblər.

Mayın 26-dan müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyun tarixlərində keçirilir.

Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılır.

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 minə yaxın müəllim iştirak edir./APA/