Müğənni şikayət etdi, BNA qayda pozuntularını açdı

31 Yanvar, 2020 09:25 | Sosial | Baxış sayı: 95
Ədalət Şükürov
Ədalət Şükürov

"Bakı Nəqliyyat Agentliyi heç nə etmir, oturublar maşında, mərkəzdə fırlanırlar və pul yığırlar"

"S0n bir ildə Ədalət Şükürov istifadəsində olan 10 PB 002 Dövlət Qeydiyyat Nişanlı avtomobillə dayanma və durma qaydalarını 11 dəfə kobud şəkildə pozduğuna görə barəsində inzibati tənbeh tədbiri görülüb. Həmin qayda pozuntularının əksəriyyəti avtobus dayanacağında dayanma, ikinci cərgədə dayanma, yolayrıcında dayanma və digər buna bənzər qayda pozuntularıdır".

Bu məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev əməkdar artist Ədalət Şükürovun iradlarına cavab olaraq bildirib. 

Onun sözlərinə görə, BNA hər bir hərəkət iştirakçısına hörmətlə yanaşaraq, paytaxtda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz eyni zamanda, rahat hərəkətini təmin etmək istiqamətində işlərini davam etdirir. Bu fəaliyyət zamanı ictimai statusundan aslı olamayaraq qaydaları pozan hər bir sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. "Bəzi məşhur şəxslərin bu fəaliyyəti dəstəkləmək əvəzinə bəzən ictimaiyyətdə yanlış rəy formalaşdıra bilən subyektiv fikirlər yürüdürlər ki, bu da təəssüf doğurur.

Eyni zamanda, hörmətli əməkdar artistin maarifləndirilməsi və görülən işlər barədə məlumatlandırılması zərurətini nəzərə alaraq, onu məmnuniyyətlə fevralın 3-də Bakı Nəqliyyat Agentliyinə dəvət edirəm. Bu zaman hörmətli sənətçimizə qayda pozuntusuna dair foto materiallar da təqdim olunacaq. Ədalət Şükürovun dəvəti qəbul edəcəyinə və “Pul yığırlar” kimi iddialarına əsaslı cavab verəcəyinə ümid edirəm".

Xatırladaq ki, ötən gün əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayət edib. Məşhur müğənni "İnstaqram" səhifəsində ard-arda iki video paylaşaraq qurumu fəaliyyətsizlikdə ittiham edib. “Mən indi 20 Yanvar dairəsindəyəm. Yarım saatdır burada tıxacdayam. Bakı Nəqliyyat Agentliyi (BNA) təzə bir “yem” tapıb. Bunlar heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar. Bunların başqa işi yoxdur.

Mən bilmirəm, BNA nə ilə məşğuldur, amma bundan başqa heç nə ilə məşğul olmurlar. 20 Yanvar dairəsində bir dəfə də onları görməmişəm. Maarifləndirmək, ümumiyyətlə, yoxdur. Ancaq mərkəzdədirlər, buraya da gəlmək lazımdır”.