İş axtaran müəllimlərin III tur cavabları çıxdı YENİLƏNİB

30 Sentyabr, 2019 16:07 | Sosial | Baxış sayı: 253
İmtahan verən müəllimə
İmtahan verən müəllimə

Oktyabrın 2-dək sənədlər təqdim edilməlidir

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə üçüncü turun nəticələri açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 547 namizəd uğur qazanıb.

Müəllim adını qazanmış şəxslər oktyabrın 2-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifəsində işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti üzrə təqdim etməlidirlər.

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş müəllimlər müvafiq sənədlərini aidiyyəti ümumi təhsil müəssisəsinə, digər vakansiyalara yerləşən şəxslər isə aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Daha sonra namizədlər şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamalıdırlar. Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti müəssisə tərəfindən təsdiq olunmuş şəxslərin işə qəbulu rəsmiləşdiriləcək.

Saat 11:47

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb.

Təhsil nazirliyindən verilən məlumata görə, prosesdə 4 113 nəfər iştirak edib, onlardan 4 023 nəfər vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib.

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak ediblər. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat gün ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.