Yolu 20 Yanvardan keçənlər əzabdan xilas olur

30 İyun, 2018 10:00 | Sosial | Baxış sayı: 350
Təmir edilən yol
Təmir edilən yol

"Cəhənnəm əzabı" yaşanan yolun bir hissəsi açılır

20 Yanvar körpüsü və tunellə hərəkət bərpa olunur. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinin 1-ci mərhələsi bitmək üzrədir. Artıq ərazidə son tamamlanma işləri aparılır.

Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) mövcud avtomobil körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edib.

Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi - “Şamaxı yolu” adlanan ərazi istiqamətinə yönəldilib. Səhər tezdən körpü və tunellə hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb. Bununla da 20 Yanvar dairəsi və Şamaxı yolu deyilən ərazi istiqamətində yaranan sıxlıq aradan qalxacaq.

1-ci mərhələ çərçivəsində təmir işləri Beynəlxalq Avtovağzal kompleksi qarşısından başlayaraq mövcud avtomobil körpüsünədək 2 km-lik hissədə aparılırdı. Sabahdan etibarən isə körpüdən üzü Xırdalan dairəsinə doğru işlərə start verilir. Bu istiqamətdə hərəkət məhdudlaşdırılmadan təmir işləri davam etdiriləcək. Yəni təmir işləri yalnız bir-neçə zolaq üzrə aparılacaq, digər zolaqlarla hərəkət davam etdiriləcək.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib və o gündən bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən hər 5-6 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir (hazırda görülən işlər).

Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii faktorların təsiri ilə artıq aşınmalar yaranmışdı, üstəlik yol ayrıcında yerləşən dəmir tirlərin sökülməsi ilə əlavə 1 hərəkət zolağı enində yol genişləndirilmişdi. Genişləndirilmiş ərazilərə vurulan asfalt-beton örtükdə də aşınmalar və deformasiyalar əmələ gəlmişdi. Bu üzdən təmir işləri aparılmasaydı 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı.

Bu üzdən Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumların razılığı ilə yolun hazırda qısa müddətlik təmiri daha məqsədəuyğun sayılıb.

Enter some text