Azərbaycanda iki əsrə yaxın yaşı olan Quran - FOTO

30 İyun, 2017 11:09 | Sosial | Baxış sayı: 305
Qədim Quran
Qədim Quran

Qədim evdən çətinliklərdən keçib saxlanılan müqəddəs Quran tapılıb

Danışacağım qədim ev Xaçmazın Köhnə Xudat kəndində yerləşir. Qədim memarlıq üslubunda tikilən bu ev 1765-ci ildə inşa edilib. Hündür pilləkənli, 7 otaqlı bu qədim yaşayış evi Mehdiyevlər sülaləsinə mənsub olub, sülalənin bəy nəslinə mənsub olduğu deyilir. Sülalənin ilk iki nümayəndəsi - Məhəmməd və Mehdi barədə tam məlumat olmasa da, sülalənin 3-cü nəsil nümayəndəsi Əlisultan Mehdiyev haqda kifayət qədər məlumatlar var.                        

Əlisultan Mehdiyev dövrünün mütərəqqi baxışlı adamlarından olub. İmkanlı şəxs ərazinin kəndxudası olsa da, haqsızlığa qarşı barışmaz olub. Dövrünün bir çox tanınmışları ilə dostluq əlaqəsi olub, evində həmişə onlarla görüş keçirib. Verilən məlumata görə, 1918-ci ildə daşnak-bolşevik birləşmələri Qubada soyqırım törədərkən Qubada böyük bir müqavimət hərəkatı yaratmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra Qubadan Milli Parlamentə deputat seçilmiş Əli bəy Zizikski tez-tez Əlisultan Mehdiyevin qonağı olub, bu qədim evə müntəzəm gəlib gedənlərdən olub. Sovetlər Birliyində Azərbaycan Kommunist Partiyasının 1-ci katibi olmuş Mircəfər Bağırovun 1915-ci ildə bu evin 2-ci mərtəbəsində rus dilindən dərs deməsi haqda tarixi məlumatlar var. 

Bu evin 3-cü sahibi Əlisultan Mehdiyev Azərbaycanda bolşevik hökuməti qurulandan sonra çox ciddi təqiblərə məruz qalıb, evi dəfələrlə talanıb. O həmin dövrdə tez-tez NKVD əməkdaşlarının təzyiqi ilə rastlaşıb, sorğu-sual edilib.                        

Araşdırmaçı-jurnalist Kərim Dünyamalının "Yaddaşlarda qorunan tarix: arxivlərin lal sükutu nədən xəbər verir?" kitabında qeyd olunub ki, çox imkanlı şəxs olan Əlisultan 1938-ci ildə onda olan bütün sənədləri yandırıb. O ömrünün sonuna kimi mütəmadi olaraq NKVD-yə aparılıb, sorğu-sual edilib və Xudatda o zamanlar at oynadan "Mübariz Allahsızlar Cəmiyyəti"nin üzvlərinin həmişə  təqibinə məruz qalıb və izlənilib.

Mehdiyevlər sülaləsinin hazırda 5-ci nümayəndəsi və hazırda bu qədim evin sahibi olan Müqəddəs Mehdiyev atası Kazım müəllimdən eşitdiklərinə istinadən babası Əlisultan Mehdiyev haqda maraqlı məlumatlar söyləyir. Babası heç vaxt Sovet hakimiyyətinə baş əyməyib, haqsızlıqla barışmayıb, müqavimət hərəkatının fəallarından olub. Camaatın bəy titulu verdiyi, ərazinin kəndxudası olduğu deyilən Əlisultan Mehdiyevin Dərbənddə 10 min baş qoyun sürüsü olub. Sovet hökumətinə verməmək üçün o həmin qoyunları kimə gəldi verib, bağışlayıb, amma sovetə verməkdən boyun qaçırıb.

Müqəddəs Mehdiyevə görə, bu qədim evdə və onun həyətində sirli, açılmamış tarix yaşayır. O, babası Əlisultanın bəzi sənədlərini və möhürünü həyətdə qazıb basdırdığını da deyib. Onun sözlərinə görə, həmin möhür indi həyətin hansı yerindəsə qalıb və haçansa üzə çıxar. Qaldı ki, bu başıbəlalı, çoxlu təqiblər və talanlar, oğurluqlar görmüş bu qədim evdə saxlanılan 2 əsrə yaxın yaşı olan Müqəddəs Qurani-Kərimimizə, bunun tarixindən də ətraflı danışacağam. ANS televiziyasında işləyərkən bu barədə videosüjet vermişdim. Şərqşünas Beytulla Borcinin İstiPress-ə verdiyi məlumata görə, 18 və 19-cu əsrlərdə varlı insanların "Qurani -Kərim" yazdırması adət şəklini almışdı. Varlı ailələr oğul övladlarının adına əlyazma şəklində elm adamlarına bu dini kitabı ithaf edırək yazdırırlarmış. Hazırda Mehdiyevlər ailəsində saxlanılan bu "Qurani-Kərim"i də onların ulu babası Məhəmməd oğlu Mehdiyə ithafən yazdırıb və kitabın sonunda Mehdinin adı qeyd olunub.                

Bu qədim ev kimi, "Qurani -Kərim"in də başı çox çəkib. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Əlisultan Mehdiyev bu müqəddəs kitabı torpağa basdırıb və sonradan həyətdə basdırdığı yerdən çıxarıb oğlu Kazım müəllimə göstərib və bu Quranı çox çətinliklə qoruyub saxlaya bildiyini deyib. Uzun müddət torpaqda qalmış "Qurani-Kərim"in səhifələri zədələnib. Adam toxunmağa ehtiyat edir ki, vərəqlər daha da qopmasın.

Beləliklə, Xaçmazın Köhnə Xudat kəndində yerləşən, 252 yaşlı qədim evdə saxlanılan 2 əsrə yaxın yaşı olan qədim Quranımızdan danışdıq. Ev sahibi bu qədim evə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi nəzarətə götürüb xüsusi status verməsini istəyir. Xüsusi araşdırılsa, bu evlə bağlı daha maraqlı tapıntılar ortaya çıxar, ilahiyyatçılar bu dini kitabı şərh edib öyrənsələr, daha maraqlı məlumatlar əldə etmiş olarıq.

Yeri gəlmişkən, bu qədim evin həyətindən çıxan qılınc və digər əşyalar elə Müqəddəs Mehdiyevin atası, mərhum Kazım müəllim tərəfindən Xaçmaz tarix-diyarşünaslıq muzeyinə hədiyyə edilib. 

Aytəkin Alxaslı//İstiPress-in şimal bürosu