Ramazan ayının xəbərçisi - “Üç aylar” başladı

30 Mart, 2017 11:48 | Sosial | Baxış sayı: 220
Dua edən şəxs
Dua edən şəxs

"Üç aylar"da xeyir və pis əməllərin savabı, günahı qat-qat artıq yazılır

“Üç aylar” başladı. Üç aylar Hicri-Qəməri aylardan Rəcəb, Şaban və Ramazan aylarıdır. İslam peyğəmbəri Hz. Məhamməd (əs) üç aylar haqqında belə buyurur: “Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan da ümmətimin ayıdır, Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur”.

Bu aylarda bir çox mübarək əhya gecələri var. İslam Dünyasında əsrlərdir “Üç aylar” ənənəsi var və bu üç aylar iqlimi möminlərin mübarək Ramazan atmosferinə hazırlıq mərhələsidir. İslam dünyasında üç aylar adlandırılan Rəcəb, Şaban və Ramazan ayları Uca Allahın, mömin qullara verdiyi bərəkətli və feyzli zamanlardır. Üç aylar insanların mənəvi yüksəkliyə çatmaq, tövbə etmək, günahlardan təmizlənmək üçün fürsətlər zamanıdır.

Bu aylarda namaz qılmayanlar namaza başlayır, oruc tutmayanlar oruca hazırlaşır, ibadətlərini, xeyirxah əməllərini çoxaldır. Möminlər üç aylarda, nəfsləri ilə keçmiş bir ilin hesabatını aparır. Üç aylar həyatında həmişə fərqliliklər axtaran insanoğlunun yeknəsəklikdən qurtulması üçün vasitədir.

Qurani-Kərimdə buyrulur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır” /Həşr 18/. Mübarək üç aylar gəldiyi zaman ibadət etməyənlər ibadətə başlamalı, ibadət edənlər ibadətini çoxaltmalı, möminlər, xeyir əməllərini çoxaltmalı, kasıba, yetimə əl tutmalı, ən əhəmiyyətlisi isə Allaha olan şükrünü çoxaltmalıdır. Qısacası bütün müsəlmanlar üç aylarda böyük və kiçik günahlardan əl çəkməli, qiybət, dedi-qodu etməməli, iftira, yalançı şahidlik və sair əhəmiyyətsiz kimi gördüyümüz günahlardan əl çəkməlidir. Xeyir işlərini çoxaltmalı, sədəqə verməli, imkansıza əl tutmalıdır.

Peyğəmbər (s.ə.s) “Bəzən bir təbəssüm, bəzən də insanların keçdiyi yoldan daşı götürüb kənara atmaq sədəqədir” – deyib.

Xatırladaq ki, "Üç aylar"da xeyir əməllərin savabı qat-qat artıq yazıldığı kimi, pis əməllərin də günahı qat-qat artıq yazılır. Müsəlmanların üç aylarda hər gün bu duanı oxuması məsləhət görülür: “Allahummə bəriklənə fi rəcəbə və şaban, və bəlliğnə ramazan” (Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur).