İcra başçısı kənd sakinlərini sevindirdi

29 Avqust, 2019 17:38 | Sosial | Baxış sayı: 250

Uzun illərdir qəzalı olan qəsəbə orta məktəbi üçün yeni bina tikiləcək

Qubanın ən iri yaşayış məntəqələrindən olan Zərdabi qəsəbəsinin sakinlərinə xoş xəbər var - uzun illərdir qəzalı və təhlükəli olan qəsəbə orta məktəbi üçün yeni məktəb binası inşa olunacaq.

İstiPress-in şimal bürosunun məlumatına görə, şad xəbəri məktəbin kollektivinə elə birbaşa rayon rəhbəri Ziyəddin Əliyev çatdırıb. Onun məlumatına görə, 1975-ci ildə tikilmiş bu 3 mərtəbəli binada dərs keçmək olduqca təhlükəlidir və dərs zamanı hər an bədbəxt hadisə baş verər.

Kollektivi sevindirən ih başçısı Ziyəddin Əliyev bir gün sonra qəzalı məktəbə yeni binanı tikəcək tikinti təşkilatının mütəxəssis və əməkdaşları ilə gəlib. Məktəbə birgə baxış keçirilib, rəsmilər bir daha köhnə binanın dərs keçmək üçün yararsız olması qənaətinə gəliblər.

Qeyd edək ki, 1975-ci ildə inşa edilmiş Zərdabi qəsəbə məktəbinin qəzalı olması barədə İstiPress olaraq bir neçə dəfə məsələ qaldırmışdıq. Təqdirəlayiq haldır ki, rayon rəhbərliyi bu ciddi məsələyə laqeyd qalmayıb, dərs zamanı döşəməsindən ilan çıxan məktəbin yenilənməsi üçdn mərkəzi orqanlar qarşısında dəfələrlə məsələ qaldırılıb və məsələ müsbət həllini tapıb.

Quba İH başçısının müavini Səidə Abasova İstiPress-ə məlumat verib ki, yeni məktəb 850 yerlik olacaq. Hazırda burada 60 müəllim və 750 şagird var. Onun sözlərinə görə, Zərdabi qəsəbəsində yeni məktəbin tikintisinə tezliklə başlanılacaq, o vaxta qədər isə məktəbin şagird və müəllim kollektivi qəsəbədəki ictimai binalara köçürüləcək.

Şəhid Bayram Şıxəmirovun adını daşıyan məktəbin indiki binası tam söküləcək və yerində müasir təhsil ocağı inşa olunacaq. Yeni məktəb Heydər Əliyev Fondunun xəttilə tikiləcək.