Azərbaycanlı gənc Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçildi

29 Avqust, 2019 20:39 | Sosial | Baxış sayı: 48

Könüllü qan donorluğunun inkişafı müzakirə olunub

Azərbaycanda keçirilən Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası və Beynəlxalq Gənclər Komitəsinin layihəsi olan XIX Beynəlxalq Gənclər Forumu başa çatıb. Azərbaycanlı xanım Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib.

İstiPress-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dünyanın müxtəlif ölkələrindən olan gənc qan ianəçiləri və bu istiqamətdə fəaliyyət göstərən cəmiyyət nümayəndələri hər il bir araya gələrək qan donorluğu sahəsində olan yenilikləri, eyni zamanda problemləri müzakirə edir. Forumun rəsmi açılışında İtaliya, Danimarka, Portuqaliya, Litva, Latviya, Hollandiya, Norveç, Almaniya, Livan, Hindistan, Gürcüstan da daxil olmaqla 30-dan çox ölkədən nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının (FİODS) və Beynəlxalq Gənclər Komitəsinin (İYC) rəhbər şəxsləri iştirak ediblər. Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının icraçı direktoru nitq sonrası Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva və Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərovu könüllü qan donorluğunun inkişafında göstərdiyi xidmətlərə görə FİODS-un adından təltif edib.

İştirakçılar Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının fəaliyyəti ilə tanış olublar.

Forumun son günündə XIX Beynəlxalq Gənclər Forumunun növbəti 3 illik idarə heyətinin seçkisi keçirilib. Bu seçkidə “Qan Donorları Assosiasiyası”nın xarici əlaqələr üzrə rəhbəri Nərmin Rəhimova növbəti 3 il üçün Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib.

Beynəlxalq Qan Donorları Təşkilatları Federasiyasının (IFBDO) gənclər qolu kimi 2000-ci ildə yaradılan Beynəlxalq Gənclər Komitəsi dünya üzrə gənclər arasında qan donorluğunun təbliği və təşviqi ilə məşğul olur. IFBDO 1955-ci ildə Lüksemburqda təsis olunub və hazırda dünya üzrə 90 üzv təşkilatı mövcuddur.

XX Beynəlxalq Gənclər Forumununun Neapolda keçirilməsi qərara alınıb.