İmtahanda 150-dən çox bal yığanlar üçün önəmli gün

29 İyul, 2017 07:40 | Sosial | Baxış sayı: 561
İmtahan zamanı
İmtahan zamanı

İxtisas seçimi başlayır

Bu gündən ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi başlayır. Seçim avqustun 10-dək davam edəcək. İxtisaslar və onların kodları, plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.

İxtisas seçiminə kömək məqsədilə I və IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər çap olunub. Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim edilib.

Müsabiqə şərtlərinə əsasən, I və IV ixtisas qrupları üzrə ixtisas seçimində ümumi balı 200-dən hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250‑dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bəzi ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).