Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur

29 May, 2018 11:30 | Sosial | Baxış sayı: 7184
Müəllimlərin imtahanı
Müəllimlərin imtahanı

Müəllimlər 5 ildən bir sertifikasiyadan keçiriləcək

Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiya ləğv edilir. İstiPress-in APA-ya istinadla verdiiy məlumata görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.

Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.

“Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərə görə,  Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.

Layihədə bildirilir ki, sertifikasiyadan təkrar keçməyən müəllimlərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənəcək.

Layihələr Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.