8 min insanı çox sevindirən xəbər

29 Mart, 2018 16:02 | Sosial | Baxış sayı: 647
Ziyəddin Əliyev - Quba rayon icra başçısının əhali ilə görüşü
Ziyəddin Əliyev - Quba rayon icra başçısının əhali ilə görüşü

Qubanın iri yaşayış məntəqələrindən olan Hacıhüseyli kəndində 18-ci əsrdə tikilmiş provaslav kilsəsi əsaslı bərpa ediləcək.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu sözləri bu gün kənddə 19 km-lik yolun bərpasına həsr olunan mərasimdə Qubanın  icra başçısı Ziyəddin Əliyev mətbuat nümayəndələri və sakinlər qarşısında səsləndirib.

Onun sözlərinə görə, kənddəki qədim kilsə çox bərbad, uçulub dağılmış və təhlükəli haldadır. Özünün kilsəyə baxış keçirdiyini deyən Ziyəddin Əliyev bu tarixi dini məbədin bərpası üçün Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırılacaq və nazirliklə birgə kilsə əsaslı bərpa ediləcək.

Xristianların və provaslavların qarşıdan gələn Pasxa bayramı ərəfəsində bu xəbərin  rayonun və kəndin rus icmasının xüsusi sevincinə səbəb olacağını söyləyən icra başçısı Azərbaycanın, eləcə də Qubanın tolerant rayon olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Qubada 20-dən artıq millət və etnik qrupun nümayəndələri  yaşayır ki, onların dini azadlığının təminatı üçün bu qəbilli köhnə dini məbədlərin bərpası çox vacibdir və bu kilsə bərpadan sonra ərazidə yaşayan xristianlar öz dini ayinlərini normal qaydada həyata keçirə biləcəklər.

Ziyəddin Əliyev daha sonra bərpasına başlanan 19 km-lik Hacıhüseynli yolu haqda ətraflı məlumat verib. Onun sözlərinə görə, uzun illərdir bərbad olan, yayda tozdan, qışda palçıqdan keçilməz olan yola ilk dəfə olaraq asfalt döşənməsinə start verilib. Quba icra başçısı yeni çəkilən yolun Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin rəhbəri Saleh Məmmədovun birbaşa göstərişilə qurumun daxili imkanları hesabına inşa olunacağını deyib və Saleh Məmmədova bu yoldan istifadə edəcək 11 yaşayış məntəqəsinin 8000 nəfərlik əhalisi adından təşəkkür edib.

Yeni yol uzağı 1 aya sakinlərin istifadəsinə veriləcək.