"Müəllimlərin maaşları artırılacaq"

28 Dekabr, 2017 10:37 | Sosial | Baxış sayı: 905
Müəllimlərin imtahanı (Arxiv)
Müəllimlərin imtahanı (Arxiv)

Samir Şərifov belə deyib

"2018-ci ilin dövlət büdcəsində təhsil sahəsində xərclərdə kifayət qədər böyük artım var". Bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təhsil sahəsində xərclərin artımı prezident İlham Əliyevtərəfindən təsdiqlənən proqrama uyğun olaraq orta məktəblərdə çalışan müəllimlərin əmək haqlarının artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərin aparılması ilə bağlıdır: "Burada böyük işlər görülür. Artıq diaqnostik qiymətləndirmə işləri başa çatmaq üzrədir. Bununla əlaqədar müəllimlərin əmək haqları əhəmiyyətli dərəcədə artıb. Həm məktəb direktorlarının, həm də müəllimlərin əmək haqları yüksəlib. Artıq çox bacarıqlı, savadlı, səriştəli müəllimlər yüksək maaş almaq imkanını qazanıblar".

2018-ci ildə bu tendensiyanın davam edəcəyini deyən nazir qeyd edib ki, diaqnostik qiymətləndirmələrin başa çatdırılır və sınaqdan keçən müəllimlər məvaciblərini artırmaq imkanı qazanırlar. Maliyyə naziri əlavə edib ki, orta hesabla müəllimlərin əmək haqları 35% artıb: "Bəzi kateqoriyalar üzrə müəllimlərin əmək haqqı artımı daha yüksəkdir. Gələn il təhsil xərclərində artım bu məqsədlərə də xidmət edəcək".

Nazir həmçinin deyib ki, milli valyutamız - manatın da məzənnəsi bu il sabitləşib. İllin əvvəlinə nisbətdə, biz görürük ki, manatın məzənnəsi hətta bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqayisədə təqribən 3,4 faiz, fevral ayı ilə müqayisədə isə 10 faizdən çox möhkəmlənib.