Azərbaycan telekanalının əməkdaşı faciəli şəkildə öldü

28 Dekabr, 2017 14:43 | Sosial | Baxış sayı: 424
Seyidəli Səlimli çəkiliş zamanı
Seyidəli Səlimli çəkiliş zamanı

Mərhum 30 yaşa çatmayacağını deyirmiş

Dekabrın ortalarında Türkiyəninin Gebzə şəhərində fabrik qəzasında dünyasını dəyişmiş 27 yaşlı Azərbaycan vətəndaşı Seyidəli Səlimlinin jurnalist olduğu ortaya çıxdı.

İstiPress-in məlumatına görə, məsələdən xəbərdar olan tələbə yoldaşları Seyidəli Səlimlinin “Facebook” səhifəsinə onunla bağlı xatirələrini yazırlar.

“4 il oxudun, əziyyət çəkdin, nə zülmlə, hansı problemlərlə, Sonu nə? Ali təhsilli Seyidimiz iş tapmadı. Hər şey sındırdı onu, ailə problemləri, sevgi uğursuzluğu, dost zərbələri… Hər şey. Elə həmişə 30 yaşıma çıxmayacam deyirdi. Çarəsizlik aldı səni bizdən. Biryolluq getdin”,- deyə Seyidəli Səlimli ilə birlikdə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində oxumuş Turanə Məmmədli bildirib.

Xırdalanda anadan olmuş Seyidəli Səlimli Azərbaycanda  QTV onlayn kanalının və ARB Şəkinin əməkdaşı olub. Onun Türkiyəyə hansı səbəbdən köçdüyü açıqlanmır.

Haberler.com”un yazdığına görə, Kocaelinin Tavşanlı məhəlləsində işləyən Seyidəli Səlimli fabrikdə parçalama mikserinin qazanını təmizləmək istəyib. 27 yaşlı gənc qazanın içində olarkən digər işçi aparatı işə salıb. Seyidəli həmin cihazın içində qalıb və işçilər onu çıxarmağa çalışıb.  Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Müdaxilələrə baxmayaraq Seyidəli hadisə yerində dünyasını dəyişib.

Gebze Baş Prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Seyidəli Səlimli
Seyidəli Səlimli