Azərbaycanda baş həkim rusiyalı "bomj"a necə kömək etdi?

28 Avqust, 2019 18:24 | Sosial | Baxış sayı: 175
Viktor Seryakov
Viktor Seryakov

Təcili yardım yolun kənarında yerə yıxılıb qalmış bir yaşlı kişinin üstünə çağırışa gedib

Multikultural dəyərləri, çox millətliliyi ilə seçilən Qubada baş həkim rus vətəndaşa qarşı xeyirxah bir addım atıb.

İstiPress-in şimal bürosu bu barədə aldığı  məlumat əsasında rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərovla söhbətləşib.

Baş həkim rayona təsadüfən gəlib çıxan Rusiya vətəndaşı Viktor Seryakova necə kömək etməsindən ətraflı danışıb. Onun sözlərinə görə, 2018-ci il fevral ayının 2-də təcili yardım şöbəsinin tibb briqadası sakinlərin müraciəti əsasında rayonun İsnovqışlaq kəndi ərazisində - Bakı-Quba yolunun kənarında yerə yıxılıb qalmış bir yaşlı kişinin üstünə çağırışa gedib: "Gecə saat 3-də mənə məlumat verdilər ki, 60-dan yuxarı yaşı olan kişi milliyyətcə rusdur və gözləri görmür. Onun təcili olaraq palataya köçürülməsini tapşırdım".

Əlyar Sərvərov
Əlyar Sərvərov

 

Əlyar Sərvərov deyir ki, elə o gündən Viktor Seryakovun kompleks müalicəsinə başlanılıb. Yaşlı kişi səfil, "bomj" həyatı yaşadığından çox ağır vəziyyətdə idi, ağ ciyərinin iltihabı, yüksək temperatur, dəri xəstəliyi ilə yanaşı gözlərində katarakta da vardı. Rayon mərkəzi xəstəxanasında palatalardan birinə yerləşdirilən Viktor Seryakov 2018-ci il fevral ayının 3-dən burada həm  müalicə olunmağa başlayıb, həm də burada yaşayıb.

Qubanın baş həkimi məlumat verib ki, Rusiya vətəndaşı Viktor Seryakov barədə özü geniş araşdırma aparıb. Məlum olub ki, Rusiyanın Vladimir vilayətindəndir. 1991-1994-cü illərdə öz ölkəsində həbsdə olan Viktor həmin vaxt öz vətənində iş tapa bilmədiyindən azərbaycanlı dostlarının köməyilə ölkəmizə gəlib. 1994-cü ildən Azərbaycanda olan Rusiya vətəndaşı səfil həyatı keçirərək ölkənin şimalında - Siyəzən və Quba rayonlarda ayrı-ayfı təsərrüfatlarda çalışıb, yaşayış yeri olmadığından orda-burda -küçələrdə yaşamağa başlayıb. Xəstəluklərə də elə "bomj" həyatı yaşayarkən tutulub. 2018-ci il fevral ayının 2-dən bu günəcən isə daimi yaşayış yeri Quba rayon mərkəzi xəstəxanasıdır.

Əlyar Sərvərov rus sakinini tibb ocağında qonaq saxlayıb müalicə etməklə yanaşı, onunla bağlı Rusiya tərəfin müvafiq orqanlarına sorğu göndərib. Rusiyanın Azərbaycandakı səfirliyinə rəsmi müraciət edən doktor Sərvərov səfirliyin konsul şöbəsinin müdiri A.Mixalskidən məktub alıb. Səfirlik rəsmisi Azərbaycanın baş həkiminə məktubunda Viktor Seryakovun həqiqətən Rusiya vətəndaşı olmasının səlahiyyətli orqanlar vasitəsilə təsdiqləndiyini qeyd edib, vətəndaşlarına göstərilən qayğı və köməyə görə azərbaycanlı məmura xüsusi təşəkkür də edib.

Quba rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərov 18 aydır tibb ocağının qonağı olan Viktor Seryakovun tezliklə öz vətəninə göndəriləcəyini bildirib: "Artıq Rusiya səfirliyi Seryakova ölkəsinə getmək üçün xüsusi sənəd-şəhadətnamə də verib. Sənədi almaq üçün Viktoru Bakıya - səfirliyə özüm aparmışdım".

Əlyar Sərvərov Rusiya səfirliyinin məktubunu və Seryakova verilmiş şəhadətnaməni eksklüziv olaraq İstiPress-ə təqdim edib. Onun sözlərinə görə, Viktor Seryakovun ölkəsinə göndərilməsi üçün ombudsman Elmira Süleymanova Qubada olarkən ondan da kömək istəyib və Elmira Süleymanova  Rusiya tərəflə danışıqlar aparıb. Məsələ müsbət həll olunub.

Tolerant Qubanın baş həkimi xəstəxanaya sığınan rus "bomj"a xüsusi qayğı göstərməsi ilə çox təqdirəlayiq iş görüb. Qeyd edək ki, Əlyar Sərvərov milliyyətcə Axıska türküdür. Ailəsi iki dəfə 1944-cü ildə və 1959-cu ildə Gürcüstandan və Özbəkistandan deportasiya olunaraq Azərbaycanda məskunlaşıb. Hazırda Saatlı rayonunda yaşayan ailənin üzvü olan Əlyar Sərvərov məhz Vətən sevgisini, Vətən həsrətini yaxşı bilib duyduğundan kimsəsiz bir insana öz kömək əlini uzadıb.

Baş həkimdən onu da öyrəndik ki, 64 yaşlı Viktor Seryakovun Rusiyaya göndərilməsi üçün hər şey tam qaydasındadır. Artıq səhhəti normaldır, geyim-gecimi də hazırdır. Bir o qalır ki, təyyarə bileti alınıb yola salınsın. Onun sözlərinə görə, Rusiya Federasiyasının Vladimir vilayətinə göndəriləcək və şəhər meri artıq bu barədə məlumatlıdır.25 ildir Azərbaycanda yaşayan Viktor Seryakov burada ahıllar evində yaşayacaq.