Aytəkin Alxaslı Azərbaycan polisindən yazır - FOTO, VİDEO, YENİLƏNİB

28 May, 2017 12:00 | Sosial | Baxış sayı: 1466

Bu mövzuda son 2 ayda artıq 2-ci dəfədir yazıram

Bu mövzuda son 2 ayda artıq 2-ci dəfədir yazıram. Azərbaycan polisinin cəsur, qorxmaz, xidməti işini canından çox sevən, elə iş başında da cavan canını qurban verən Daşqın Turabovdan danışacağam yenə. O Daşqından ki, Siyəzəndə silahlı cinayətkar Əlişir Tağıyevin tərksilah edilməsi üçün keçirilən xüsusi əməliyyatda qorxmadan irəli atılb "Əlişir, mənəm. Kərbəladı" demişdi, amma, ağlına belə gətirmədən onun atdığı 6 gülləni qəbul edərək həlak olmuşdu. İndi unudulmaz xalq artistimiz Həsənağa Turabovun böyük oğlu olan Daşqının iştirak etdiyi xüsusi əməliyyatdan çox, onun düz 19 il əvvəl-28 may 1998-ci ildə Siyəzən polis şöbəsinin həyətinfə qoyulmuş büstündən danışacağam. İndi yerində olmayan büstündən....

Həmin büstün açılışı zamanı keçirilən təntənəli  mitinqin kadrları da indi əlimizdədir. İstiPress olaraq düz 19 ildən sonra-heç efirə getməyən ,mətbuatda açıqlanmayan həmin kadrları eksklüziv olaraq tamaşaçılarımıza və oxucularımıza təqdim edir. Həmin kadrları bizə Daşqının bacısı Sevinc Turabova təqdim edib, minnətdaram ona bu qiymətli kadrları bizə etibar etdiyinə görə. Həmin mitinqə özüm ilk olaraq baxanda çox mütəəssir oldum, çox kövrəldim. İlahi, kimlər yoxdu bu kadrlarda?! Sevinc Turabova  deyir ki,atam Daşqından sonra ürək xəstəliyinə tutuldu, büst açılanda özü xəstəxanaya düşdüyündən Siyəzənə-büstün açılışına sənət, aktyor dostlarını göndərmişdi. Daşqın Turabovun büstünün açılışı düz 19 il əvvəl-bu may günü xüsusi təmtəraqla keçirilib. Bu barədə geniş danışacağam.

Siyəzən polis şöbəsinin  həyətində düzənlənən mitinq Azərbaycanın Dövlət Himninin səslənməsilə başlayıb, mitinqi şöbənin o vaxtki rəisi, indi DİN-in  Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə rəhbəri postunu tutan Zəfər Abiyev aparıb, onun giriş sözündən sonra Siyəzənin o vaxtki icra başçısı Fizuli Hacıyev ölümün gözünün içinə dik baxan polis kapitanı Daşqın Turabov haqda öz ürək sözlərini danışıb. Qonaqlara gəlincə, Həsənağa Turabovun sənət dostları-mərhum xalq artistlərimiz Həsən Məmmədov, Mikayıl Mirzə,Səyavuş Aslan,Əlabbas Qədirov, Yaşar Nuri,Lütfi Məmmədbəyov, Allah ömür versin. Əvəzsiz səs sahibi Əminə Yüsifqızı, görkəmli sənət adamı Azərpaşa Nemətov, tanınmış həmkarımız İlham Rəhimli Daşqının büstünün açılışına qatılmışdılar düz 19 il bundan əvvəl. İndi əbədiyyətə qovuşmuş  sənət dahilərimiz Həsən Turabovun belini dərddən bükmüş Daşqının uşaqlığı, gəncliyi barədə xatirələrini danışıb onun gözlərinin önündə  böyüdüyünü danışıblar. Əlabbas Qədirov Daşqınla bağlı bir xatirəni yana- yana danışıb."-Şahdağın yanında kino çəkilişindəydik. Daşqın da bizimlə idi. Birdən o Şahdağın hündür yerinə qalxdı, düşmək istəmirdi, dedi, yüksəkdə qalmaq istəyirəm,Şahdağın yüksəkliyində "...

                    
Həqiqətən, rəhmətlik Daşqın peşəsinin vurğunu olmağı ilə zirvəyə qalxdı,yüksəkliyə qalxdı, ölümün qarşısında zəif ,güçsüz olsa belə. Büstün açılışına qatılan sənətkaflarımız və rayon rəsmiləri daha sonra Daşqın Turabovun xstirəsinə keçirilən güləş turnirinə də tamaşa ediblər. Büstü açandan sonra onun qarşısında xatirə şəkil çəkdirən tanınmışlarımızın, demək olar,Əminə Yusifqızı və Azərpaşa Nemətov istisna olmaqla (Allah ömür versin onlara) hamısı dünyalarını dəyişiblər. Onlar kimi, Daşqının büstü də tarixə qovuşub. Bunu ona görə deyirəm ki, büst qoyulandan sonra  bir neçə il sonra hansı səbəbdənsə, götürülüb  yerindən. Daşqın haqda 2-ci yazımı məhz büstə həsr edirəm.

Büstü Siyəzən rayon polis şöbəsinin həyətində görməyəndə yadıma 1999 cu ildə ANS-də işlədiyim vaxt Xaçmazın Xudat şəhərində dahi Nizami Gəncəvinin heykəlinin götürülməsi düşdü. Rayonun rəsmiləri mənə inadla Leninin heykəlini göstərib-" Nizami Gəncəvinin heykəli budur-"deyirdilər. Amma, axtaran tapar, deyirlər. O vaxt Xudat kommunal müəssisələri kombinatının anbarından Nizami Gəncəvinin heykəlinin başını tapdım və heykəl yenidən yerinə qoyuldu. İndi Nizami Gəncəvinin Xudat şəhətindəki heykəli məhz, təvazökarlıqdan uzaq olsa da, ANS-in xidməti sayəsində qalmaqdadır.  

Amma, Siyəzən polis şöbəsində Daşqının artıq 15 ilə yaxındır yerindən götürülən büstünü çox axtarmalı olmadım. Siyəzən polis şöbəsinin rəisi Valik Vəlimətov büstü tapdıraraq xidməti otaqların birinə qoyub. Sağ olsun, Daşqının xatirəsinə guşə də düzəldib. Amma, büstün hansı səbəbdən götürülməsi barədə konkret söz deyən olmadı,hansısa məlumatı  olan polislər isə mənimlə görüşməkdən qaçdı. Amma, mən qaçmayacağam. Bakıda Daşqının bacısı Sevinc Turabova ilə görüşdüm. Sevinc xanım mərhum prezidentimiz , polislərin əməyini həmişə yüksək qiymətləndirmiş Heydər Əliyevin Daşqın Turabovu "İgidliyə görə"medalı ilə təltif etdiyini dedi. Söylədi ki, həmin medalı ailəmiz adından mənə Daxili İşlər naziri Ramil Usubov təqdim edib. Sevinc Turabova büstün indi yerində olmamasından ailəsinin,xüsusən ağır xəstəlik keçirən anası Solmaz Turabovanın çox narahatçılıq keçirdiyini, onlara bu barədə heç nə deyilmədiyini söylədi.

O ailəsi adından Siyəzən rayonunun rəsmilərindən, daxili işlər naziri Ramil Usubovdan  Daşqın Turabovun büstünün bərpasında köməklik  göstərmələrini xahiş etdi. "Qardaşımın büstünü yerinə qoysalar,təsəlli olar bizə,onsuz da ailəmiz pərən -pərən düşdü Daşqından sonra, atam Gəray  bəy kimi güclü olsa da kinoda,həyatda güclü ola bilmədi Daşqından sonra.."dedi Sevinc Turabova. Büstün qoyulması barədə isə onun ən yaxın silahdaşlarından olan bir polis dostu isə söz verdi ki, Daşqının büstünü indi adını daşıyan, polis şöbəsinin yerləşdiyi küçənin girəcəyində qoymaq istəyirik, lazımı sənədləşmə və icazədən sonra bu prosedur həyata keçiriləcək. Həmin polis rəsmisi söz verdi ki,adımı onda açıqlayarsınız. Verdiyimiz vədə sadiq qalaraq onun adını açıqlamırıq.

Məsələ ilə bağlı Siyəzən rayon İh- nin memarlıq şöbəsinin müdiri, rayonun baş memarı  Səxavət Novruzovla əlaqə saxladıq. Səxavət Novruzov rayon polis şöbəsinin rəsmi müraciəti olarsa, bu məsələni aidiyyatı mərkəzi qurumlar qarşısında qaldıraraq müsbət həll edə biləcəklərini dedi. İnanaq buna ki, silahlı kriminal sakinin yaraladığı, yaralanandan sonra cəmi 58 dəqiqə yaşayan Daşqın Turabovun büstü  Siyəzəndə lazımi yerə qoyulacaq.Respublika gününü qeyd etdiyimiz 28 mayda açılışının 19 ili tamam olan qərib büstü yerində görmək mənim də arzumdur. Daşqının bu il dekabrın 7 -də 55 yaşı tamam  olacaq, ümid edək ki, o zaman büstü bərpa edilmiş görək!......

Onda həyatdan nakam getmiş Daşqının da ruhu şad olacaq, oğlunun ölümü ilə yanıb yaxılmış unudulmaz "Gəray bəy"imiz Həsən Turabovun da....

Aytəkin Alxaslı