Bu adamları dövlət özü müalicə etdirəcək QƏRAR

28 Yanvar, 2019 09:10 | Sosial | Baxış sayı: 282
Həkimlər
Həkimlər

Baş nazir əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydalarını təsdiqləyib

Nazirlər Kabineti “Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası”nı təsdiqləyib. Qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydaya əsasən, peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri ərazi dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir.

Peşə təhsili müəssisəsində təhsilalanlara tibbi xidmət “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir. Əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri ərazi dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir. 

Peşə təhsili müəssisəsində müalicəyə və ya müalicəbərpa xidmətinə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə, təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların 3 valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə göstərilir.

Əlavə müalicə-bərpa tədbirlərinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin peşə təhsili müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir. Şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda bu tədbirlər davam etdirilir. Peşə təhsili müəssisəsində təhsilalanların tibbi profilaktik müayinəsi təhsil müddəti dövründə ildə bir dəfədən az olmayaraq, həmin təhsil müəssisəsində və ya ərazi üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisəsində aparılır.

Dövri tibbi profilaktik müayinələrin nəticəsinə uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilir:

ötən tədris ili ərzində təhsilalanların sağlamlığının dinamikasının qiymətləndirilməsi, xəstəliklərin erkən əlamətlərinin və funksional pozuntuların aşkar edilməsi və onların aradan qaldırılması üçün müvafiq əlavə müalicə-bərpa tədbirlərinin təşkili;

peşə təhsili dövründə tədris-istehsalat yükünün təhsilalanlara təsirinin öyrənilməsi;

sağlamlığında pozuntular (müxtəlif orqan və sistemlərin xəstəlikləri, fiziki, cinsi və digər morfofunksional pozuntular) aşkar edilmiş təhsilalanların dispanser qeydiyyatına götürülməsi və onların müvafiq müalicə-bərpa müəssisələrinə yönəldilməsi;

sağlamlığında pozuntular aşkar edilmiş təhsilalanların təhsili davam etdirə bilməsi və seçdiyi peşəyə uyğun işə yararlılığı barədə rəy verilməsi;

sağlamlığında pozuntular aşkar edilmiş təhsilalanların peşə təhsili müəssisəsi daxilində sağlamlaşdırıcı tədbirlərə cəlb edilməsi, bədən tərbiyəsi və idmanla məşğul olanların həkim nəzarətində saxlanılması;

aparılan müalicə-bərpa tədbirlərinin və tibbi profilaktik müayinələrin səmərəliliyinin təhlili və nəticələri əsasında müvafiq korreksiyaedici fəaliyyətlərin təşkili.

Təhsilalanların tibbi yardımla təmin edilməsi peşə təhsili müəssisəsinin yerləşdiyi və ya təhsilalanın yaşadığı ərazi üzrə müalicə-profilaktika müəssisəsi tərəfindən həyata keçirilir.

Təhsilalanlara göstərilən əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə (VESKS-ə) daxil edilir. Əlavə müalicə-bərpa xidmətləri dövlət büdcəsi vəsaiti hesabına göstərilir.