Üçəmləri dünyaya gəlmiş hərbçi ailəsi mükafatlandırıldı - VİDEO, FOTO

27 Dekabr, 2017 19:05 | Sosial | Baxış sayı: 659
Qusarda üçəm övladı dünyaya gəlmiş  Əmirəliyevlər ailəsinin təbriki
Qusarda üçəm övladı dünyaya gəlmiş Əmirəliyevlər ailəsinin təbriki

Üç gün əvvəl Qusarda üçəm övladı dünyaya gəlmiş Azərbaycan Milli Ordusunun hərbçisi Əmrulla Əmirəliyevin ailəsi müdafiə naziri Zakir Həsənovun adından Qusar rayon mərkəzi xəstəxanasında təmtəraqlı şəkildə təbrik edilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, təbriki Nazirliyin əməkdaşı Abdulla Qurbani çatdırıb.  İki illik evliliyinin tamamında birdən-birə üç övlad atası olmuş Əmurlla Əmirəliyevin gənc xanımı Şəhla Əmirəliyevaya iri gül dəməti təqdim edilib.    

Nazirliyin əməkdaşı Abdulla Qurbanı Azərbaycan hərbçisinin Milli Ordusunun gizirinin vətənpərvər əməli barədə həm mitinqdə, həm də İstiPress-in şimal bürosuna müsahibəsində xüsusi danışdı. Onun sözlərinə görə, üçəmlər doğulandan sonra nazirliyin rəhbərliyi ona Qusarda işləmək təklifini versə də, Əmrulla Əmirəliyev bundan imtina edib: "Nə qədər ki, torpaqlarımız düşmən tapdağı altındadır, mən döyüş bölgəsində işləməliyəm"  deyib.

Qusar rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Zeynalov ananın və üçəmlərin vəziyyətinin xüsusi diqqət mərkəzində olduğunu, üçəmlərin Quba regional perinatal mərkəzində saxlanıldığını deyib. Quba perinatal mərkəzi həkimlərinin üçəmlərin doğuşu zamanı Qusar doğum evində köməkliklərini də söyləyən Mübariz Zeynalov son  illər Qusarda üçəm doğulmadığını deyib.

Qeyd edək ki, Müdafiə Nazirliyi ailəni üçəmlərin bütün yataq və məişət avadanlıqları və mənzil üçün lazım olan əsas məişət avadanlıqları ilə də təmin edib. Nazirliyin əməkdaşı Abdulla Qurbani üçəmlərin ailəsinin bütün problemlərinin nazir Zakir Həsənovun xüsusi nəzarətində olacağını da diqqətə çatdırıb.

Nazirliyin nümayəndəsi, bir gün əvvəl İstiPess-in qaldırdığı ailənin mənzil məsələsinə də aydınlıq gətirib. Abdulla Qurbanı məlumat verib ki, 29 yaşlı hərbçi Əmrulla Əmirəliyev xidmət etdiyi ərazidə mənzillə təmin olunub.

Üçəmlərin babası Güləli Əmirəliyev 3 oğlunun hərbi qulluq keçdiyini deyərək özünün də Vətənin çağırışına həmişə hazır olduğunu söyləyib. Üçəmlərin nənəsi Zalikə Əmirəliyeva, üçəmlərin ana nənəsi Sevilə Aydayeva, gənc ana Şəhla Əmirəliyeva da göstərilən diqqətə görə ölkə və nazirlik rəhbərliyinə təşəkkür ediblər. Üçəm atası Əmrulla Əmirəliyev də əziyyət çəkən hər kəsə minnətdar olaraq Vətənin müdafiəsində qulluğunu bundan sonra layiqincə yerinə yetirəcəyini deyib.