Sabaha diqqət - hava narahatlıq yaradacaq

27 Sentyabr, 2019 13:38 | Sosial | Baxış sayı: 126
Yağışlı hava
Yağışlı hava

Bəzi yerlərdə leysan gözlənilir

Şənbə günü Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında yağışın leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında dəyişkən hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.