Bu işlərdə işləmək istəyən müəllimlərin müsahibə vaxtı bilindi

27 Avqust, 2019 11:18 | Sosial | Baxış sayı: 932
Müəllimlər
Müəllimlər

Müsahibələr sentyabrın 6-dək davam edəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib.

BŞTİ-dən bildirilib ki, avqustun 27-dən 29-dək laborant, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, avqustun 30-da kitabxanaçı, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq, sentyabrın 2-dən 6-dək isə təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrində çalışmaq istəyən namizədlər üçün müsahibə keçiriləcək.

Ümumilikdə, müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir.

Müsahibəyə dəvət edilmiş şəxslərdən müsahibəyə gələrkən şəxsiyyəti təsdiqləyən sənədin və təhsil sənədinin (ali və ya orta ixtisas təhsili haqqında diplom(lar) və ya attestat, o cümlədən çağırışaqədərki hazırlıq üzrə rəhbər vəzifəsi üzrə müsabiqədə iştirak edənlər hərbi bilet) əslini, əmək fəaliyyətini təsdiq edən sənədin əslini və ya surətini özləri ilə götürmələri xahiş olunur.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.

Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.