Sabah da istidən yanacağıq

27 İyun, 2018 12:59 | Sosial | Baxış sayı: 104
Termometr
Termometr

Temperatur bəzi yerlərdə 41 dərəcəyə çatacaq

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 28-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.