Qubada Aleksandr Dümanın çimdiyi "Çuxur hamam"ı bərpa edilir

27 May, 2017 08:09 | Sosial | Baxış sayı: 259
Çuxur hamam
Çuxur hamam

Artıq restavrasiya işlərinə başlanılıb

Quba şəhərində yerləşən,  el arasında" çuxur hamam", "Bəkirin hamamı" adlanan hündür günbəzli hamam Amerika hökumətinin maliyyə dəstəyilə bərpa olunur. Artıq restavrasiya işlərinə start verilib.

Bu barədə IstiPress-in şimal bürosuna Xaçmaz Regional Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Zöhrab Əmrahov açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabinetinin 2002-ci il tarixli, 32 saylı qərarına əsasən hamam yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasına daxil edilib. Şərq memarlığının ən orijinal nümunəsi olan gümbəzli hamam ümumi bir zaldan, bəylər üçün nəzərdə tutulan 4 otaqdan, istirahət və çay içmək üçün planlaşdırılan daha 3 otaqdan ibarətdir. Hamam 1 qapılı, 6 pəncərəli, 1 mərtəbəlidir və qırmızı kərpicdən inşa edilib. Bu səbəbdən bəzən bu hamama qubalılar qırmızı hamam da deyirlər. Hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib.      

"Günbəzli hamam" kimi də tanınan memarlıq abidəsi XVII-XIX əsrlərə aid edilir. O, Şəqr memarlığınını incilərindən sayılır. Bu abidə həm də ona görə qiymətlidir ki, məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaz səyahəti zamanı "Çuxur hamam"da çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları "Çuxur hamam"ın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.

Xaçmaz Regional  Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Zöhrab Əmrahov artıq bərpa işlərinin təxminən 70 faizinin görüldüyünü deyib. Onun sözlərinə görə, bərpa işləri Amerika hökumətinin Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə aparılır. Bərpadan sonra bu abidədən hamam kimi yox, yerli sənətkarların əl işlərindən ibarət sərgi-satış mərkəzi kimi istifadə olunması nəzərdə tutulub.