Azərbaycanda qara qar yağdı FOTO, VİDEO

27 Fevral, 2020 10:33 | Sosial | Baxış sayı: 811
Qarlı hava
Qarlı hava

Qarın üst təbəqəsi ilə alt hissəsinin rəngi bir-birindən fərqlənir

Ötən gün Azərbaycana rəngi qaraya çalan qar yağıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, qeyri-adi qarın yağışı Qubada müşahidə edilib.

Afurca, Təngəaltı və Aydınkənd kimi bəzi dağ kəndlərinin sakinləri qışın son günlərində düşən qarın rənginin fərqli olduğunu müşahidə ediblər.

Aydınkənd kənd sakini Kamran Əlipaşayevin İstiPress-ə verdiyi məlumata görə, qar axşama yaxın yağmağa başlayıb və rəngi ağ olub. Səhər yuxudan oyanan sakinlər qarın rənginin qaraldığını görüblər. "Belə halla ilk dəfə rastlaşırdıq. Yağan qarın üstünün təxminən 10 sm-i qara, altı isə ağ idi. Çox təəccübləndik".

Sözügedən kəndlərin yaşlı sakinləri də qarın qara rəngdə yağması halı ilə ilk dəfə rastlaşdıqlarını deyirlər. Üst təbədənin rənginin tündlüyünün toz dumanı ilə bağlı ola biləcəyi də istisna edilmir. 

Quba Ərazi Hidrometrologiya Müəssisəsindən İstiPress-ə verilən məlumata görə, qarın rənginin tünd olması atmosferə toz hissəciklərinin  daxil olması ilə əlaqələndirilə bilər. "Mərkəzi Asiyadan, Cənubdan ölkəmizə tozlu hava daxil olur. Sarı, qara qar yağması kimi hallar müşahidə edilə bilər. Bir gün əvvəl əvvəl Xaçmazda palçıqlı yağış yağırdı. Bu havanın çirklənməsi nəticəsində baş verir".