Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlı ailə hamını ağlatdı - VİDEO

27 Yanvar, 2020 15:57 | Sosial | Baxış sayı: 390

"Azərbaycandan bura 5 TL pulla gəlmişdik, hər şeyi həyat yoldaşım qurmuşdu”

Türkiyənin "TV 8" telekanalı Elazığ bölgəsində baş verən güclü zəlzələdə zərərçəkən ailələr barədə süjetlərdən birinin qəhrəmanı azərbaycanlı ailə olub.

İstiPress-in məlumatına görə, "TV 8" telekanalın sahibi Acun Ilıcalının aparıcılıq etdiyi xeyriyyə marafonu “Tək Ürək” proqramında gecə saatlarına qədər 51 milyon lirə (8,6 milyon dollar) pul yığılıb. Həmin pullar zəlzələdən zərərçəkənlərə yardım üçün göndəriləcək. 

Verilişin gedişində təqdim edilən süjetlərdə sakinlər hadisə anını qorxu içində ağlayaraq danışıblar. Onlardan biri də Azərbaycandan Elazığa köçən Zeynalovlar ailəsi olub.

Arzu Zeynalova zəlzələnin 18 aylıq övladı Kumsala süd verən zaman baş verdiyini qeyd edib: “Üçüncü mərtəbədə yaşayırdıq. Qohumlarımız, həyat yoldaşım evdə idi. Özüm isə övladıma süd verirdim. Hər zaman zəlzələdən çox qorxmuşam. 15 gündür gecə rahat yata bilmirdim. Narahat idim. Yüngülvari ev silkələndi, ərimə zəlzələ olduğunu dedim, mənə gülərək söylədi ki, hər şeyi şişirdirsən. Bir gurultu gəldi, saat yerə düşdü, divar iki yerə bölündü. Dəhlizə doğru qaçdıq, elektrik kəsildi. Uşaq da qucağımdadır. İki-üç addım atdım, evin yarısı çökdü. Ərim bizi qucaqladı, aşağı əyildik. Qarşımızdakı divar da çökdü, başımı qaldırdım ki, hər yan dəmirdir, əlimdən yaralandım, amma təkcə məni övladım maraqlandırırdı.

Üç dəfə yerə düşdük. Çox qorxdum, tez övladıma baxdım. 2 dəfə gözünü açıb mənə baxdı, 3-cüdə belə olmadı, öskürmədi, səsi çıxmadı. Dedim ki, uşaq getdi. Əlimdən heç nə gəlmirdi. Əmzirmək istədim, gördüm ki, südüm gəlmir. Düşündüm ki, sağ çıxmayacağıq. 7 dəqiqə sonra səs gəldi, bizə köməklik göstərdilər. Mən şokda idim, zirzəmiyə düşmüşdük. Bu, necə ola bilərdi? Kumsalın saçı çox uzun idi, bir neçə gün əvvəl onun saçlarını indi dünyasını dəyişən xanımlardan biri kəsmişdi. Çox təəssüf”.

O, eyni zamanda Azərbaycandan Türkiyəyə 5 lirə pulla gəldiyini, dağılan evini çətinliklə aldığını söyləyib :

“Ərim şokda idi, onun çiyinlərindən tutub silkələdim, dedim ki, mənə bax, göz təması qur, dağılan evimizə baxma, evimiz qucağımdadır. Ərim Azərbaycan vətəndaşıdır. Evimizin əşyalarını yeni almışdıq. Azərbaycandan bura 5 TL pulla gəldik, hər şeyi həyat yoldaşım qurdu”.