Yeni doğulmuş üçəmlərin nənəsi Mehriban Əliyevaya müraciət etdi

26 Dekabr, 2017 14:38 | Sosial | Baxış sayı: 552
Qusarda doğulan üçəmlər
Qusarda doğulan üçəmlər

Murovdağda xidmət edən hərbçinin Yeni il sevinci

Dekabrın 24-də üçəm uşağı doğulan Azərbaycan Milli Ordusunun hərbçisi, 29 yaşlı Əmrulla Əmirəliyevin mənzil şəraiti qənaətbəxş deyil. İndi onu yeni mənzilə daha çox ehtiyacı var. Bu vaxta kimi evi olmayan ailə üçəmlərin doğulmasından sonra çətin vəziyyətə düşüb. 

Hərbçinin anası, Qusarın Böyük Muruq kənd sakini Zalikə Əmirəliyeva İstiPress-in Şimal bürosuna bu barədə məlumat verib. Onun sözlərinə görə, oğlu Əmrulla artıq 10 ilə yaxındır ki, Ordu sıralarında xidmət edir. "Oğlum bu yolu könüllü seçib, həmişə ön xətdə qulluğa üstünlük verib. İki il Füzulidə xidmət etdikdən sonra, o, Murovdağ istiqamətində çalışmağa başlayıb".

Zalikə Əmirəliyevanın sözlərinə görə, oğlu həyat yoldaşı ilə Murovdağ ətrafında kirayədə yaşayıb, xanımının hamiləliyi ilə əlaqədar Qusara gələn cütlük ilk övlad hədiyyəsinin müqabilində birdən-birə üç körpə sevincilə qarşılayıblar.

Ananın sözlərinə görə, körpələrin baba evində qalması üçün də şəraitləri yoxdur. Belə ki, Böyük Muruq kəndindəki ata evində Əmrullanın digər iki qardaşı ailəsi ilə birlikdə yaşayır. Bunun üçün hərbçi ailəsinin mənzil, sosial şəraitinin yaxşılaşdırılması üçün təxirəsalınmaz köməklik etmələrilə xahişi ilə Z.Əmirəliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, müdafiə naziri Zakir Həsənova müraciət edib.

Xatırladaq ki, Əmirəliyevlərin üçəmi - 1 oğlan, 2 qız dekabrın 24-də doğulub. Ailə körpələr dövlət başçısı İlham Əliyevin doğum günündə dünyaya gəldikləri üçün oğlanı İlham, qızları isə Fatimə və Zəhra adlandırıb.

Hazırda üçəmlər Quba regional perinatal mərkəzində saxlanılır.Qusar doğum şöbəsinin müdiri Anjela Əlifxanova həm ananın, həm də üçəmlərin vəziyyətinin qənaətbəxş olduğunu deyib.

Üçəmlərin anası
Üçəmlərin anası