Bakı toylarında "nərə" adı ilə nə verilir?

26 Oktyabr, 2019 15:12 | Sosial | Baxış sayı: 1374
Balıq
Balıq

İşbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər

"Həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə “nərə” balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə “nərə” balığına oxşayan “naqqa” balığının təqdim edildiyi aşkar olunub". 

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Agentlikdən verilən məlumata görə, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.

Bu balıq növlərini fərqləndirmək üçün aşağıdakılara diqqət edilməlidir. Belə ki, nərə balığının bədən uzunu boyunca 5 uzanan özünəməxsus tikanabənzər sümüklü pulcuqları var və onlar təmizlənsə belə dəridə kobud şəkildə izləri qalır. Lakin, naqqa balığının dərisi demək olar ki, təmizdir, hamar səthdə heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir.

Əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında bu, ağ rəngdədir. Bu göstərici, əsasən, daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığına nisbətən daha spesifik dada malikdir.

Naqqa balığını isə aşağıdakı xüsusiyyətlərinə görə müəyyən etmək olar:

Naqqa balığı dünyanın ən böyük şirin su balıq növlərindən biridir, uzunluğu 300 sm (3 metr) və çəkisi 150 kq-a çatır (adətən, boyu 1.3-1.6 m və çəkisi 15-20 kq arasında dəyişir)

Bir çox digər naxakimilərin növləri kimi, naqqa balığı aşağıdakı kimi xarakterizə edilə bilər:

- Uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və yandan düz bir quyruğa malikdir;

- Üçbucaq formalı başı bədən uzunluğunun təxminən 20%-ni təşkil edir;

- Geniş aralı burun deşiklərinə malik, yumru və düz buruna sahibdir;

- Çox kiçik uclu dişləri olan böyük ağzı və kiçik gözləri vardır;

- Üst çənədəki ağızın hər tərəfində iki böyük bığa və alt çənədə dörd qısa bığa malikdir;

- Balığın ümumi uzunluğunun təxminən 60%-ni təşkil edən böyük bir üzgəci vardır;

- Quyruq üzgəci isə, ümumiyyətlə, kiçikdir və yumrudur;

- Bədənin üst tərəfi tünd yaşımtıl qara rəngə, ağımtıl və ya sarımtıl qarın hissəsi isə boz-ağ rəngə malikdir.