Bakıda qayınana böyrəyini kürəkəninə bağışladı

26 Sentyabr, 2019 15:19 | Sosial | Baxış sayı: 79
Əməliyyat
Əməliyyat

32 yaşlı gənc dərhal əməliyyat edilib

Bakıda qayınana böyrəyini kürəkəninə bağışlayıb. Uğurlu böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində tanınmış cərrah olan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib.

54 yaşlı qayınana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb.

“Pasiyentimiz illərdir əziyyətli hemodializ seanslarını alırdı və bu da orqanizmin sağlamlığına əks təsirsiz ötüşmürdü. Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi. Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi!

Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik. Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldılar. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək. Bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi!”