Azərbaycan bu diplomları tanıyır

26 Aprel, 2018 14:10 | Sosial | Baxış sayı: 224
xaricdə alınmış diplom
xaricdə alınmış diplom

"Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı bu günə qədər Təhsil Nazirliyinə edilən müraciətlərdən 15 mindən çoxuna müsbət cavab verilib, diplomların 3 mindən çoxu isə tanınmayıb".

İstiPress-in məlumatına görə, bu barədə Təhsil Nazirliyindən "apa"nın sorğusuna cavab olaraq deyilib.

Təhsil Nazirliyi xaricdə təhsil alan şəxslərin diplomlarının tanınmamasının əsas səbəblərini də açıqlayıb.

Nazirlikdən bildirilib ki, ali təhsil ixtisaslarının tanınması Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun həyata keçirilir:

“Tanınmaya bu qaydalar çərçivəsində baxıldığı üçün təqdim olunan təhsil sənədləri həmin qaydalardan irəli gələn tələblər çərçivəsində olmadıqda onların tanınmasından imtina olunur. Aparılan təhlillər göstərir ki, məzunların ali təhsil ixtisaslarının tanınmasından imtina olunmasının əsas səbəbi onların ali təhsil müəssisəsinin tələb etdiyi tədris normativinə düzgün əməl etməmələri və tədris dili üzrə bilik səviyyələrinin olduqca aşağı olmasıdır”.