Yol işçiləri Azərbaycanın ən unikal yolunu bağlanmağa qoymayıblar

26 Yanvar, 2020 11:52 | Sosial | Baxış sayı: 184

Buz bağlamış və qar örtmüş yerlər texnikanın köməyilə və işçilərin kürəklə işləməsi nəticəsində təmizlənib

Şimal bölgəsində son günlər müşahidə edilən qarlı -şaxtalı havalar Xınalıq yolunda nəqliyyatın hərəkətini çətinləşdirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba-Xınalıq yolunun 31-ci km-dən başlayaraq 57-ci km-dək hərəkət çətinləşib.

Amma Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı yol-istismar idarəsinin işçiləri yolun nəqliyyat vasitələri üçün bağlanmasına imkan verməyiblər. Qısa vaxt ərzində Quba-Xınalıq yolunun 31-ci km-ə lazımi texnika və canlı qüvvə cəlb olunub.

Yolun Xınalıq kəndinə qədər buz bağlamış və qar örtmüş hissələri texnikanın köməyilə və işçilərin kürəklə işləməsi nəticəsində təmizlənib. Hazırda yolda hər hansı problem qeydə alınmayıb.