Əri tərəfindən at qamçısı ilə döyülən qadından yeni xəbər

26 Yanvar, 2020 13:29 | Sosial | Baxış sayı: 1855

Əfsanə İsayevanın sığınacaqda ifadəsi alınıb

Son günlər teleməkanın və sosial şəbəkələrin daimi mövzusuna çevrilən Əfsanə - Səxavət cütlüyündən yeni xəbər var.

İstiPress-in şimal bürosunun məlumatına görə, televiziya kanallarından birindəki  verilişdə dəfələrlə əri Səxavət İsayev tərəfindən mütəmadi zorakılığa məruz qaldığını, at qamçısı ilə döyüldüyünü deyən Qubanın Dalıqaya kənd sakini Əfsanə İsayeva nədənsə polisə bu barədə izahat verməkdən, tibbi ekspertizadan keçməkdən imtina edib.

Xızının hüquq-mühafizə orqanları rəsmi şəkildə haqqını müdafiə etməkdən boyun qaçıran Əfsanə İsayevanın hüquqlarını qanun şəkildə qorumağı üstün tutub. Xızı rayon prokurorluğunda həyat yoldaşını dəfələrlə fiziki zorakılığa məruz qoyan Səxavət İsayev barəsində 133.1 maddəsilə cinayət işi açılıb. Açılan cinayət işinin istintaqı aidiyyatı üzrə Xızı polis şöbəsinə göndərilib. Xızı rayon polis şöbəsinin müstəntiqi Rəşad Cavadov faktı təsdiqləyib. O bildirib ki, açılan 133.1 maddəsi -qısaca olaraq - əzab vermə maddəsidir. "Səxavət İsayevin hərəkətləri bu maddəyə tövsif olunurdu. Qadına qarşı mütəmadi olaraq əzab-əziyyət vermək, qamçı ilə döymək, incitmək qəti yolverilməzdir".

Rəşad Cavadov açıqlamasında onu da məlumat verib ki, polisə, prokurorluğa ifadə verməkdən boyun qaçıran Əfsanə İsayeva ilə Bakıda- sığınacaqda görüşüblər: "Əfsanə İsayevanın sığınacaqda ifadəsi alınıb.O məhkəmə - tibb ekspertinin iştirakı ilə burada tibbi ekspertizadan keçirilib. Həyat yoldaşının onu döydüyünü etiraf edib və şilkayətçidir".

Xızı rayon polis şöbəsinin müstəntiqi Rəşad Cavadovun sözlərinə  görə, Səxavət İsayevin qadınına qarşı etdiyi zorakılıq hərəkətlərini törədərkən  anlaqlı olmaması barədə onlara məlumat daxil olub. "İstintaqın gedişində lazım gələrsə Səxavət İsayev Məhkəmə-psixiatrik ekspertizadan keçirilə bilər. Hələlik, bu ekspertiza təyin olunmayıb".

Məlumat üçün bildirək ki, yanvarın 17-də Xızıda işlədikləri maldarlıq fermasından çıxaraq Bakıya getmişdi. Həyat yoldaşının polisə müraciətindən sonra Xızı polisi tərəfindən axtarılan Əfsanə İsayeva televiziya kanallarından birində görünüb və əri tərəfindən at qamçısı ilə döyüldüyünü bildirib. Qadın həmin veriliş vasitəsilə sığınacaqda yerləşdirilib .