Son günlərdə artan qəfil ölümlərin sirri

25 Dekabr, 2017 15:05 | Sosial | Baxış sayı: 720
Xəstəxanada ölüm hadisəsi - ARXİV
Xəstəxanada ölüm hadisəsi - ARXİV

Azərbaycanlılar ciddi təhlükə ilə üz-üzə qalıblar

Gəlir səviyyəsi aşağı olduğundan apteklər yoxsul və xəstə adamların mütəmadi istifadə etdiyi ucuz dərmanları satmaqdan imtina edirlər.

İstiPress-in araşdırmasına görə, belə dərmanlar ya ümumiyyətlə satılmır, ya da bəzən qiyməti 10 dəfəyə qədər artıq olan analoqu ilə əvəz edilir.

Məsələn, indi apteklərdə qiyməti qəpiklə ölçülən “Parasetamol” tapmaq mümkün deyil, amma əvəzində eyni təsirə malik, amma qiyməti 5 manat olan “Panadol” almaq mümkündür. Yaxud, adi qrip üçün apteklərdə tapılan dərmanların qiyməti 8 manat ətrafında dəyişir. Eyni sözləri hipertoniya xəstələrinin işlətdikləri gündəlik dərman vasitələri barədə də demək olur. Bəzən xəstənin bu dərmanları almağa imkanı çatmadıqda, bu hətta ölümlə də nəticələnə bilir. Yəni bəzən temeparturu və ya təzyiqi vaxtında aşağı salmaq xəstənin xilas edilməsinə səbəb olur. Əks halda isə insanların adətən qəfil saydıqları ölümlər baş verir.

Yəni Azərbaycanda geniş istifadə edilən ucuz dərmanların da satılmasının təmin edilməlidir. Hazırda vəziyyət budur ki, apteklər ümumiyyətlə, ucuz dərmanları bazalardan götürmək istəmirlər, çünki gəlir səviyyəsi aşağıdır. Yəni 1 manatlıq dərman satıb 20 qəpik qazanmaqdansa, 5 manatlıq dərman satıb 1 manat qazanmağa üstünlük verirlər.

Ekspertlər problemin həllini müxtəlif yollarda görürlər. Məsələn, tanınmış həkim, professor Adil Qeybulla İstiPress-ə müsahibəsində ölkədə tibbi sığortanını inkişafı ilə bu problemi həll etməyi mümkün sayır:

“Əslində, ucuz dərman keyfiyyətsiz dərmandır. Yalnız Rusiya istehsalı olan ucuz dərmanlar istisnadır, üçüncü dünya ölkələrindən gələn ucuz dərmanlar hamısı keyfiyyətsizdir. Amma praktika göstərir ki, aztəminatlı ailələri bahalı dərmanlar fonunda da lazım olan dərmanalarla təmin etmək mümkündür. Buna görə vətəndaş üçün müəyyən sığorta paketi müəyyən edilməlidir və paketə daxil olan vacib dərmanlar pulsuz verilməlidir”.

Lakin bu variant Azərbaycan üçün hələ ki, ümidverici kimi görünmür. Bu günün reallığına görə, Azərbaycanda tibbi sığorta ancaq yüksək maaş verən bir neçə şirkətdə - neft-qaz şirkətlərində, telekommunikasiya operatorlarında, banklarda və s. tətbiq edilir.

Vətəndaşların qərb ölkələrində olduğu kimi fərdi qaydada tibbi sığortası ümumiyyətlə nadir rast gəlinən məsələdir, çünki tibbi sığorta polisləri bahadır, qiyməti adətən 500 manatdan yüksək olur. 200 manatlıq sığorta polisi də almaq olar, amma bunun çərçivəsində yalnız təcili tibbi yardıma ümid etmək mümkündür. Yəni ölkə vətəndaşlarının yalnız dövlət hesabına kütləvi tibbi sığorasına ümid etmək olar ki, bu da 2018-ci il üçün büdcəcə səhiyyəyə ayrılan xərclərin 5 milyon manat azaldıldığı indiki şəraitdə mümkün deyil.

İqtisadçı ekspert Vüqar Bayramov İstiPress-ə müsahibəsində bu problemin həlli zamanı keçid dövrü iqtisadiyyatının özəlliklərini nəzərə almağın vacib olduğunu vurğulayır: "Birincisi, ölkəyə dərman gətirilməsindən başlamaq lazımdır. Hazırda bu sahə bir neçə şirkətin inhisarı altındadır. Dövlət özü də bu bazara girməlidir və ucuz dərmanların idxalı ilə məşğul olmalıdır. Amma bu, müvəqqəti tədbir kimi nəzərdə tutmalıdır. Gələcəkdə həmin dərmanların ölkə daxilində istehsalı təşkil edilməlidir".

Vüqar Bayramov dövlətin pərakəndə satış şəbəkəsinə müdaxiləsini də vacib sayır: "Səhiyyə Nazirliyinin xətti ilə müəyyən sayda dövlət aptekləri də yaratmaq mümkündür. Bu, dərman qiymətlərinin optimallaşdırılmasına şərait yarada bilərdi".

Dövlət apteklərinin yaradılması özəl biznesin girmək istəmədiyi kənd tipli yaşayış məntəqələrinin dərmana ehtiyacını ödəməyə imkan yaradardı. Sovet dövrü demək olar ki, əksər yaşayış məntəqələrində aptek var idi, indisə yoxdur. Hətta iri kəndlərin sakinləri belə, əksər dərmanları almaq üçün rayon mərkəzlərinə və şəhərlərə getməyə məcbur olurlar, ya da ki, kəndlərdə satdığı dərman preparatına heç bir zəmanət verməyən alverçilərə müraciət edirlər. 

Bu şərait yetərincə vəsaitin büdcə nəzarətindən kənar dövriyyəsində dövlətə vurduğu maddi zərərlə yanaşı insanların sağlamlığını da təhlükə altında qoyur. Ümumiyyətlə, aptek şəbəkələrinin özündə də bahalı dərmanların satışının dövriyyədən gizlədildiyi açıq-aydın görünür. Çünki rəsmi dairələr 2016-cı ildə Azərbaycanda satılan bir dərmanın orta qiymətinin 1,4 dollar olduğunu bildirirlər ki, buna heç kim inanmır. Müqayisə üçün, dərmanların xeyli ucuz olduğu Rusiyada bu göstərici 2,5 dollardır.

Ümumiyyətlə, dövlət aptek şəbəkəsinin yaradılması məsələsində də Rusiyanın təcrübəsindən yararlanmaq Azərbaycan üçün əlverişli olardı. Hər halda, keçid dövrü yaşayan ölkələr arasında Rusiya bu məsələdə ən az problemi olan ölkə sayılır. Rusiyada dövlətə məxsus aptek şəbəkələri ucuz dərmanlar satmaqla yanaşı, aztəminatlı ailələrə güzəştlər də tətbiq edirlər. Məsələn, Moskvada fəaliyyət göstərən «Stoliçnıe apteki» şəbəkəsinə 165 artıq obyekt daxildir və bunların 19-u bütün sutka ərzində işləyir. 13 min adda dərman preparatı satan şəbəkə həm də xüsusi kartla Moskva sakinləri üçün endirimlər tətbiq edir.