Direktor məktəbli qızı otağında zorladı, damda yandırtdı

25 Oktyabr, 2019 16:51 | Sosial | Baxış sayı: 840
Nusrət Cahan Rafi
Nusrət Cahan Rafi

Məhkəmə 16 nəfərin edamına qərar verib

Banqladeşdə məktəbin direktorunun təcavüzünə məruz qalması barədə polisə şikayət etmiş 19 yaşlı qızı yandıran 16 nəfər edam olunacaq.

İstiPress "Dhaka Tribune"ya istinadən bildirir ki, hadisə ölkənin Fen şəhərində mədrəsədə baş verib. Qızın polisə verdiyi şikayət ərizısinə görə, hadisə bu ilin mart ayının 27-də məktəb direktorunun otağında baş verib. 

Direktorun təcavüzünə məruz qalan Nusrət Cahan Rafi vəziyyəti ailəsinə danışıb. Bundan sonra şagird qızın ailəsi məktəb direktorundan məhkəməyə şikayət edib. Hakim qarşısına çıxarılan məktəb direktoru Sirac Udovla həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Həbsdə olduğu müddətdə Nusrət Cahan Rafini öldürmək üçün planlar quran məktəb direktoru özünə yaxın şagirdləri yanına çağıraraq təlimat verib. Qız uşağını qətl etmək istəyən məktəb direktoru ölüm planını şagirdlərə anladıb. Məktəb direktoru ilə görüşün ardından - aprelin 6-da baş tutacaq sınaq imtahanından öncə məktəb qarşısında Rafini gözləyən şagirdlər onu insanların olmadığı bir sahəyə qaçıraraq yandırıblar. Hadisə yerində ağır yaralı halda tapılan məktəbli qız əvvəlcə Fen şəhər xəstəxanasında, daha sonra paytaxt Dakkada yerləşən xüsusi ixtisaslaşmış xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Rafi aprelin 10-da xəstəxanada vəfat edib.

Bu hadisə Banqladeşdə böyük hay-küy yaradıb və insanlar cinayətə etirazlarını ifadə etməyə başlayıblar. İctimai rəyin iqtidarın xeyrinə olmadığını görən Baş nazir Şeyx Hasina Rafinin ailəsini ziyarət edib. Baş nazir qısa müddət ərzində məhkəmə prosesinin başa çatdırılması və cinayətdə əli olanlara dəhşətli cəza veriləcəyini bildirib.

Hadisədən 61 gün sonra, bu gün məhkəmə qərarını açıqlayıb. Məhkəmə sədri Məmun Ur Rəşid məktəb direktoru da daxil olmaqla cinayətdə əli olan 16 nəfər haqqında edam hökmü verib.

Qeyd edək ki, məktəb direktoru istisna olmaqla edam ediləcək digər 15 nəfər məktəblidir.