Tovuz dağlarında partlayışlar başladı FOTO

25 Oktyabr, 2019 11:36 | Sosial | Baxış sayı: 541
Partladılan dağlar
Partladılan dağlar

Dağların partladılması üsulu ilə yol yatağı inşa edilir

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, rayonun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı sərəncama uyğun olaraq aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bir-neçə istiqamət üzrə yenidən qurulan 52 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib.

Sözügedən yolun qalan 37 km-lik hissəsinin isə IV və V texniki dərəcəyə uyğun yenidən qurulması aparılara yekunlaşdırılır. 37 km-lik yolun 13.9 km-i asfalt-beton, qalan 23.1 km-lik hissəsi isə çətin relyefə malik dağlıq ərazidən keçdiyi üçün çınqıl örtüklü olmaqla inşa edilir. Çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir. Artıq yolun 7 km-lik hissəsində bu işlər yekunlaşdırılıb.

Bununla da 50 min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidən qurulması həm yol boyu yaşayan vətəndaşların neçə illərdir ki, üzləşdikləri problemi aradan qaldırmış olacaq, onların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq, bu isə yük və sərnişin daşımasının rahatlaşmasına gətirib çıxarmış olacaq.

Yol tikintisi
Yol tikintisi