Prezident xanımı ilə Bakıda açılış etdi FOTO, YENİLƏNİB II

25 Sentyabr, 2019 17:00 | Sosial | Baxış sayı: 194
Nəqliyyat Mübadilə Mərkəzi
Nəqliyyat Mübadilə Mərkəzi

İlham Əliyev yeni gətiirlən avtobusları şəxsən yoxladı

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bu gün açılışı olan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.

Agentlik tərəfindən Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə buradakı kimi ən yüksək şərait yaradılacaq.

Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.

Diqqətə çatdırıldı ki, şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.

Sonra dövlət başçısı və birinci xanım platformalarda və gözləmə zallarında yaradılan şəraitlə maraqlanıblar.

Burada dörd platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahələrində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə də təmin olunub.

Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək. Ümumilikdə isə gün ərzində Bakı şəhərində 2,2 milyon sərnişin daşınır. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib.

Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 300 yeni avtobus sifariş olunub. Avtobuslardan 168-i artıq BNA-ya təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq. Ümumilikdə bütün avtobusların ilin yekununda təhvil verilməsi planlaşdırılır.

Prezident İlham Əliyev burada yaradılmış şəraiti yüksək qiymətləndirib. Sonra dövlət başçısı və birinci xanım Türkiyənin BMC şirkətinin istehsalı olan avtobusa baxıblar.

Məlumat verildi ki, sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobuslar rahatlığı ilə fərqlənir. Avtobusların ən üstün cəhəti onun sıxılmış təbii qaz mühərrikli olmasıdır. “BakuBus” MMC üçün əvvəllər sifariş edilən avtobuslar 300 kilometr məsafə qət edə bilirdisə, sıxılmış təbii qaz mühərrikli avtobuslarda bu məsafəni 600 kilometrədək artırmaq mümkün olub. Bu avtobusların salonu və mühərrik sistemi tamamilə dəyişdirilir. İyirmi altı oturacaq yeri olan avtobusların ümumi sərnişin tutumu yüz nəfərlikdir.

Prezident İlham Əliyev əlavə müasir avtobusların alınması ilə bağlı tapşırıqlarını verdi. Məlumat verildi ki, paytaxtın yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb.

Saat 11:47

Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Açılışda prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.