Noyabrda donacağıq PROQNOZ

25 Sentyabr, 2019 16:45 | Sosial | Baxış sayı: 655
Payız
Payız

Umayra Tağıyeva payızın son ayında arktik hava kütlələrinin ölkə ərazisinə müdaxilə edəcəyini deyib

Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək. Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Ötən şənbə günündə olduğu qədər olmasa da, sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər. Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənə də bilər, ancaq şiddətli olmayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu payız gözlnilən hava proqnozu barədə açıqlama verib. Onun sözlərinə görə, Payızın birinci yarısı Azərbaycanda ən əlverişli dövr kimi səciyyələndirilir. Temperatur göstəriciləri adətən 23-27 dərəcədən yüksək olmur.

Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq: Havanın temperaturunun iqlim normasından 0,5-1 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarında normadan bir qədər artıq olacaq. Keçid dövrünə xas olan proseslər artıq noyabr ayının ikinci yarısında müşahidə olunacaq. Bu ayda arktik hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız ayları ilə müqayisədə daha tez müşahidə olunur.

"Deyə bilərik ki, bizim regionda payızda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq".