Bakı metrosunda təhlükəsizlik gücləndirilir

25 Sentyabr, 2017 18:18 | Sosial | Baxış sayı: 87
Bakı Metropoliteni
Bakı Metropoliteni

Metro "Qarabağ" - "Roma" oyunu ilə bağlı gücləndirilmiş rejimə keçəcək

Bakı Metropoliteni sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" oyunu ilə bağlı tamaşaçıların vaxtında mənzil başına çatdırılması üçün gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, həmin gün metroda təhlükəsizlik tədbirləri də gücləndirləcək:

"Bildiyimiz kimi, UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafına şəxsi avtomobillərin və marşrut avtobuslarının buraxılması qadağan edilib. Biz də əvvəlki təcrübələrimizə arxalanaraq hesab edirik ki, stadionda olan tamaşaçıların böyük əksəriyyəti metrodan istifadə edəcək. Buna görə də artıq xüsusi tədbirlər planı hazırlamışıq. Bilirsiniz ki, 1-ci Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri həmin stadionda keçirilib və bu işdə artıq təcrübəmiz var. Biz stadiondan çıxan bütün tamaşaçıları metro qatarları ilə mənzil başına çatdırmağa hazırıq".

N.Paşayev deyib ki, həmin gün Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Həm təhlükəsizlik, həm də hərəkətin nizamlanması ilə bağlı bütün tədbirlər hazırlanıb".

Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-də saat 20:00-da başlayacaq./Trend