Müəllimlərin işə qəbulu imtahanlarında 29 səhv sual tapıldı VİDEO

25 İyul, 2019 12:32 | Sosial | Baxış sayı: 2318
İmtahan verən müəllimə
İmtahan verən müəllimə

Bu suallara cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq

İyulun 8-dən 24-dək davam edən müəllimlərin işə qəbul imtahanları başa çatıb. Bu ilki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. Onlardan 18 881 namizəd (46%) uğur qazanaraq növbəti mərhələyə keçib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva imtahanların yekunlarına həsr olunan mətbuat konfransında bu barədə deyib.

Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib. Nazir müavini qeyd edib ki, bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. 

Müəllimlərin işə qəbulu imtahanlarında istifadə olunan sualların yoxlanılması zamanı ekspertlər ümumilikdə 29 sualda texniki qüsur müəyyən edib. Bunlardan 20-si Azərbaycan bölməsində, 9 rus bölməsində olub. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadənin sözlərinə görə, bu suallar ümumi sualların 0, 54 faizini təşkil edib: "Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual) eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur".

Murad Camalzadə qeyd edib ki, imtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdırsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq. 

Yekun nəticələr sabahdan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.Namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apellyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-da qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-a qədər şəxsi səhifəyə göndəriləcək. Müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək. Bu il müsabiqəyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir.