Müəllimlər üçün yeni iş yerləri - test başladı

25 İyul, 2017 07:30 | Sosial | Baxış sayı: 604
Müəllimlərin imtahanı
Müəllimlərin imtahanı

7 mindən çox yer üçün 47 minin ərizə verib

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilir. Təhsil Nazirliyindən İstiPress-ə verilən məlumata görə, iyulun 25-də Azərbaycan Texniki Universitetinin idman zalında ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başalayacaq. 

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt veriləcək.

Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.

Xatırladaq ki, imtahanlar avqustun 5 -dək davam edəcək. İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan  daha bir yeniliyə əsasən ötən il  keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak etmək imkanı əldə ediblər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.