Sel rayonu viran qoydu - xəsarət alanlar var

25 İyun, 2018 12:28 | Sosial | Baxış sayı: 197

Daşkəsən rayonunda güclü leysan bir sıra fəsadlar törədib.

İstiPress bildirir ki, bu barədə Qərb bürosuna Daşkəsən Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Məlumatda bildirilib ki, 24 iyun 2018-ci il tarixdə saat 20:00 radələrində güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına çox ciddi ziyan vurub: "Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.

Sel suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə dağıdıb Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salıb bir çox yaşayış evlərini su basıb.

Rayonun Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Çoxsaylı kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülmüş, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanmış və yararsız vəziyyətə düşüb".

Daşkəsən RİH-dən verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədar dərhal icra başçısı Əhəd Abıyev tərəfindən operativ qərargah yaradılıb, aidiyyəti idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə hadisə yerlərində baxış keçirilib: "Dəyən ziyanların həcminin qaranlıq şəraitdə, gecə saatlarında müəyyənləşdirilməsi imkan xaricində olduğuna görə qısa müddətdə təcili tədbirlər görülməsi ilə bağlı aidiyyəti nazirliklərə məlumatlar verilib.

Hazırda Rayon İcra Hakimiyyətində yaradılmış qərargah tərəfindən gecə saatlarından səhərədək işləyərək daxili imkanlar hesabına vətəndaşlara lazımi köməklik göstərilir. Belə ki, kəndlərdə xəsarət alan sakinlərə Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilir. İnsan itkisi yoxdur".

Təbii fəlakətin çətinliyinə baxmayaraq vətəndaşlarda böyük inam da yaranıb ki, hökumətimiz onları tezliklə bu təhlükəli vəziyyətdən çıxaracaq, kommunikasiya xətləri, yollar, körpülər bərpa olunacaq, yaşayış binalarına dəymiş ziyan aradan qaldırılacaqdır.