Bakıda yenə müəllim şagirdi döydü - FOTO

25 Aprel, 2019 16:37 | Sosial | Baxış sayı: 132
Sinif otağı
Sinif otağı

Valideyn oğlunun saçının qısaldılması tələbinə polislə cavab verdi

Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır.

IstiPress-in məlumatına görə, Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.

Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə, uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.

Məsələ ilə bağlı Sevinc Əzimova Binəqədi Rayon Polis İdarəsinə çağrılaraq izahatı alınıb. Müəllim şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə, özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.

36 yaşlı S.Əzimova 14 ildir Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyir.

Məktəbin direktor müavini Qurban Mustafayev deyib ki, müəllim şagirdin saçına irad bildirib, saçının qısaldılmasını istəyib. “Hadisə 2 gün əvvəl olub, müəllim bildirib ki, bu cür saçla məktəbə gəlmək düzgün deyil. Bu gün şagirdin yaxınları məktəbə gəliblər. Döyülmə faktı təsdiqini tapmayıb, müzakirələrdən sonra ümumi razılıq əldə olunub”.

Direktor müavini əlavə edib ki, uşaq hazırda dərsdədir, saçlarını isə kəsdirməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sevinc Əzimova
Sevinc Əzimova