Müəllim olmaq istəyənlərin son günü

24 İyul, 2019 11:57 | Sosial | Baxış sayı: 46
İmtahan verən müəllim
İmtahan verən müəllim

Sonuncu gündə müəllim olmaq istəyən 3279 namizəd imtahan verəcək

Bu gün müəllimlərin işə qəbulu üzrə imtahanlar bu gün başa çatır. Ən son olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verəcək. İmtahanlarda 3279 namizədin iştirakı gözlənilir.

Xatırladaq ki, bu gün iyulun 8-dən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Bugünədək keçirilən imtahanlarda 39 mindən çox namizəd iştirak edib. İmtahanlar ərzində ən yüksək nəticə kimya fənni üzrə 60 bal olub.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.