Azərbaycanın ən modern tikilisi - Bakıda deyil

24 May, 2018 18:53 | Sosial | Baxış sayı: 531
Qubada piyada keçidi
Qubada piyada keçidi

Keçidin içərisində 6 yerdə müşahidə kamerası quraşdırılıb

Azərbaycanda ilk dəfə olaraq Quba şəhərində yeni, orijinal dizaynda müasir formalı piyada keçidi istifadəyə veriıib.

İstiPress-in şimal bürosuna bu barədə Quba icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, şəhərin Heydər Əliyev prospektində - köhnə avtovağzalın yaxınlığında qoyulan keçid əvvəllər də olub, amma nə camaat burdan keçib, nə də keçidin vəziyyəti qənaətbəxş olub. Şəhərin ən gur və insan axını olan bu hissəsində piyadalar müntəzəm olaraq nəqliyyat vasitələri üçün qəza şəraiti yaradıb, həm özlərinin, həm də sürücülərin həyatını təhlükədə qoyublar. Həm də piyadalar keçidin qorunmadığını, buranın zibil yığını və natəmiz halda olmasından şikayətlənərək keçiddən istifadə etməyiblər. Piyadaların rahatlığını və təhlükəsizliyini təmin eləmək üçün rayon ih başçısı Ziyyəddin Əliyev burada daha müasir və yeni keçid  inşa edilməsini məqsədəuyğun hesab edib.

Qubada piyada keçidi
Qubada piyada keçidi

Artıq yeni inşa edilən piyada keçidi Quba sakinlərinin və rayonun qonaqlarının istifadəsinə verilib. Rayonun icra və polis rəhbərliyi keçidə yerində baxış keçirib və qeyd olunub ki, bu, birbaşa sakinlərin rahatlığını təmin etməkdən ötrüdür. Yeni keçidin üzlüyü Türkiyədən gətirilən alkopan materiallarından hazırlanıb. 42 metr uzunluğu, eni 2,5 metr, hündürlüyü 7 metr olan keçidin içərisində 6 yerdə müşahidə kamerası quraşdırılıb. Mavi rəngli keçidin görünüşü gecə saatlarında AZAlın təyyarəsini xatırladır və xırda ulduzlar da təyyarənin yanında aydın görünür. Quraşdırılan müşahidə kameraları birbaşa rayon polis şöbəsinin rabitə sisteminə qoşulub.

İH-dən verilən məlumata  görə, keçidin yanında müasir avtobus dayanağı da sakinlərin istifadəsinə verilib. Burada 1 sakinə isə keçidin monitorinqinə nəzarət etmək tapşırılıb. Həmin sakin kamerada müşahidə olunan video görüntülərdə qanun pozuntuları aşkarladığı halda dərhal polis şöbəsini məlumatlandırmalıdır. Həmin vətəndaş üçün keçidin yanında xırda alver eləmək üçün  bir mini köşk də qoyulub. Öz növbəsində Quba polis şöbəsindən keçidə birbaşa nəzarət olunacaq.

Bu gündən ərazidə poıis postu da qoyulub. Vətəndaş və sakinlərə müntəzəm olaraq keçidi təmiz və səliqəli saxlamaq,həm də  keçiddən həmişə istifadə etmək tövsiyyə olunub. Bunun üçün piyadalara 1 ay vaxt verilib. Bir ayın tamamında keçidi qoyub həyatlarını təhlükəyə ataraq özünü nəqliyyatın gur axınında yoldan keçənləri inzibati cəza-cərimə gözləyir.

Beləliklə, həm həyatlarıyla, həm də cibləriylə oynamaq istəməyən hər bir Quba sakini və rayona gələn hər bir turist qoyulan qaydalara ciddi riayət etməlidir. Bildirilir ki, getdikcə məşhur turist rayonu kimi daha da tanınan Quba üçün belə müasir piyada keçidinin qoyulması rayonun 15 il bundan sonrakı turist və əhali axını, inkişafı üçün nəzərdə tutulub.