Azərbaycanda direktor replə dərs keçən müəllimi polisə verdi VİDEO, YENİLƏNİB

24 May, 2018 12:59 | Sosial | Baxış sayı: 1106
Həbib Əlizadə
Həbib Əlizadə

Direktor Təhsil Nazirliyinə dəvət olunub

"Lənkəran şəhər Polis Şöbəsinə getdim. Bir xeyli qapıda gözlədikdən sonra nəhayət ki, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm". Bunu barəsində direktor tərəfindən polisə şikayət edilən ölkənin ən tanaınmış müəllimlərindən olan Həbib Əlizadə yazıb. 

O, operativ maraqlanıb məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə, bütün sosial şəbəkə istifadəçilərinə, mediayaya dərin təşəkkür edib. "Sizin dəstəyiniz sayəsində təhsildə gözəl və böyük işlər görəcəyik ümid edirəm. Məlumat üçün bildirim ki, direktor hazırda Təhsil Nazirliyinə dəvət olunub, araşdırma davam edir".

Həbib Əlizadə
Həbib Əlizadə

Saat 11:25

Sosial şəbəkələrdə məşhurlaşan orta məktəb müəllimi Həbib Əlizadə polisə çağırılıb. Buna səbəb məktəb direktorunun Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbində tarix fənnini tədris edən müəllimdən şikayət etməsi olub.

İstiPress-in məlumatına görə, bu barədə müəllim özü "facebook" hesabında məlumat yayıb.

"Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov məni polisə şikayət edib. Bir neçə saat bundan öncə Lənkəran şəhər Polis Şöbəsindən mənə zəng edildi və mənim haqqımda məktəb direktoru tərəfində təqdimat verilərək şikayət edildiyi bildirildi. Mən şok oldum.
Səbəbini soruşdum. Dedilər uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan.

Əslində isə vəziyyət belədir: Demək şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi gəzinti olacaqdı. Əks hada gəzinti olmayacaqdı. Bu sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi.

Təsəvvür edirsizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar.
Məlumat üçün deyim ki, indiyədək gördüyümüz bütün tədbirləri Təhsil Nazirliyinin, yerli təhsil idarəsinin icazəsi ilə etmişik.
Fəalliyyətlərimə görə 2 fevral Gənclər günü ilə bağlı cənab nazir Ceyhun Bayramov tərəfindən təltif olunmuşam. Bu gün isə 2-ci Qrant müsabiqəsinin qalibi olmuşam.

Məlumat üçün deyim ki, məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə, artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb.
Sabah isə 11:30-da Lənkəran polis şöbəsində olacam".

Xatırladaq ki, gənc müəllim qeyri-adi dərs metodu ilə tarixi şagirdlərə sevdirməsi ilə seçilib. Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini bitirən Həbib müəllim Təhsil Nazirliyinin təyinatı ilə Gəgiran kənd məktəbində fəaliyyətə başlayıb. 5-11 ci sinif şagirdlərinə tarix fənnini tədris edən gənc müəllim bu fənni sevdirmək üçün qeyri -adi üsullardan istifadə edir.

Həbib Əlizadənin öyrətmək üçün yeni üsulu rep olub. O, tarix dərsində xronologiyanı rep halına salaraq məşhurlaşıb. 

O Astarada yaşadığı üçün bəzən işə gedərkən 6-7 saat yol getməli olur. Uzun yolu qət etmək üçün ona verilən “NİVA”markalı maşından imtina edib.