Azərbaycanda 7 milyon insan risk altında yaşayır

24 Aprel, 2017 16:15 | Sosial | Baxış sayı: 285
Həkimlər
Həkimlər

Ərəblər Azərbaycana hansı xəstəliyi gətirə bilər?

Azərbaycanda 7 milyon insan malyariya xəstəliyinin riski altında yaşayır. İstiPress-in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.

O qeyd edib ki, ölkənin ərazisinin 80 faizi malyariyaya görə endemikdir: “Xəstəliyi yayan ağcaqanadların artıb çoxalması üçün əsasən Mil-Muğan, Lənkəran, Aran rayonları və Quba-Xaçmaz zonasında münbit şərait var. Malyariyanı yayan ağcaqanadlar qamışlıq, bataqlıq sularda, şirin sularda çoxalır. Xəstəlik əsasən iyun-oktyabr aylarında qeydə alınır. Digər aylarda xəstəlik baş verərsə, deməli bu, ötən ildən qalıb və indi özünü biruzə verir. Xəstəliyin əsas əlamətləri üşütmə, titrətmə, hərarət və tərləmədir”.

S. Məmmədov əlavə edib ki, ölkədə yerli malyariya baş verməsə də, başqa ölkələrdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur: “Keçən il 1, 2015-ci ildə 2, 2014-cü ildə 4 belə hal baş verib. Bu xəstəliyin ildırım sürəti ilə yayıldığını, xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli olduğunu nəzərə alsaq, ilk mərhələdə aşkarlanmalı, lazımi tədbirlər görülməlidir.

May ayında Bakıda IV İslam Həmrəyliyi oyunları keçiriləcək. Oyunlara görə ölkəmizə əsasən ərəb ölkələrindən çoxlu sayda turistlər, qonaqlar gələcək. İslam ölkələrində də malyariya xəstəliyi qeydə alınır. Buna görə də bütün qabaqlayıcı tədbirlər görülüb. Ehtiyat dərman preparatları var və mütəxəssislər daim məlumatlandırılır. Əgər şübhəli şəxs olsa, ondan qan nümunəsi götürülüb mərkəzin referans laboratoriyasında yoxlanılacaq. Bununla bağlı bütün lazımi tədbirlərə hazırıq”.