Karantində Bakıya kimi buraxacaqlar?

24 Mart, 2020 10:25 | Sosial | Baxış sayı: 397
Tıxac
Tıxac

Bu gündən ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu gündən ölkə ərazisində tədbiqinə başlanılan xüsusi karantin rejimi ilə bağlı olaraq xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılır. 

Eyni zamanda, Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılıb.

Lakin xüsusi karantin rejimi ilə əlaqədar olaraq bugünə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanlar geri qayıda biləcəklər. Bunu DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.

Bundan başqa, əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibətinə də aydınlıq gətirilib.

"Onların qeydiyyatda olduqları şəhər və rayonlara çıxışlarına məhdudiyyət tətbiq edilmir. Lakin, onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər".