6 yaşlı uşaq koronavirusdan öldü

24 Mart, 2020 11:18 | Sosial | Baxış sayı: 187
Koronavirus
Koronavirus

Ölüm halı Azərbaycanın ən yaxın qonşusunda qeydə alınıb

Azərbaycanın cənub qonşusu olan İranda daha bir azyaşlı koronavirusun qurbanı olub. Virus bu dəfə 6 yaşlı uşağın ölümünə səbəb olub. Şimali Xorasan Tibb elmləri universiteteinin məlumatına görə, adıçəkilən vilayətdə bu günə kimi 189 nəfərdə COVİD-19 tapılıb. Onların 19 nəfəri ölüb. Aralarındakı ən gənc qurban isə 6 yaşındadır. 

Bu İranda qeydə alınan ilk uşaq ölümü deyil. Bir müddət öncə də xərçəngdən əziyyət çəkən 3 yaşlı körpənin koronavirus qurbanı olduğu açıqlanmışdı. 

Xatırladaq ki, Çinin Uhan şəhərindən dünyaya yayılan virusun risk qrupunun əsasən yaşlıların təşkil etdiyi açıqlanmışdı. Lakin həkimlər immuniteti zəif uşaqların, gənclərin də xəstəlikdən sığortalanmadıqlarını bildiriblər. 

Çin və İtaliyadan sonra ən çox ölüm halı məhz İranda qeydə alınıb. Ölkədə virusa yoluxanların sayı 23 mini keçib.  1812 ölüm faktı qeydə alınıb. 8376 nəfər isə sağalıb. 

Digər qonşumuz Türkiyədə də vəziyyət o qədər ürəkaçan deyil. Səhiyyə naziri Fahrettin Koca son dəqiqə məlumatlarını "Twitter"dən paylaşıb. Onun sözlərinə görə, son 24 saatda 3672 testin nəticəsi bilinib. 293 yeni xəstə müəyyən edilib, ölü sayı isə 37 nəfərə çatıb. 

Ümumdünya Səhiyyə Təşkilatı isə dünya üzrə 14,5 mindən çox insanın COVID-19-un qurbanı olduğunu açıqlayıb.