Azərbaycan İrana gedən avtobusları dayandırdı?

24 Fevral, 2020 10:23 | Sosial | Baxış sayı: 123
Sərnişin avtobusları
Sərnişin avtobusları

Avtomobil Nəqliyyatı Xidməti Tehran və Ərdəbil avtobusları ilə bağlı məlumat yaydı

"İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir". Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir.

"Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq".

Xatırladaq ki, İranda dünyanı qorxuya salan koronovirus yayaılmaqda davam edir. Bu günə olan məlumata görə, virus 8 nəfərin həyatına son qoyub. 50-yə yaxın adamda isə yoluxma qeydə alınıb. 

Pakistan koronavirus təhlükəsi ilə əlaqədar Taftan sərhəd məntəqəsi vasitəsilə İranla nəqliyyat əlaqəsini dayandırıb. Əfqanıstan da İranla hava və quru əlaqəsini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. Analoji addımı Türkiyə də atıb. Ölkə epidemiya təhlükəsindən sonra İranla sərhədi bağlayıb. Eyni zamanda Gürcüstan da İranla gediş-gəlişi məhdudlaşdırıb. 

İraq da özünün cənub-şərqindəki Maysan əyalətinin İranla sərhəddəki “Əş-Şib” keçid məntəqəsini bağlayıb.