Yeni taksilər gəlir

23 Oktyabr, 2017 18:50 | Sosial | Baxış sayı: 371
Airporttaxi
Airporttaxi

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək - “Airporttaxi”

Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, eləcə də ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə yaxın gələcəkdə “Airporttaxi” fəaliyyətə başlayacaq.

Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, hazırda konsepsiyası hazırlanan bu xidmət Bakının cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsi, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasına dəstək üçün yaradılacaq. Paytaxtımız üçün yenilik olacaq bu xidmət çərçivəsində hava limanında xidmət edəcək taksilərə və onların sürücülərinə dair xüsusi tələblər də müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər aparılır.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində sərnişindaşıma xidmətinin təşkili və idarəolunması üzrə inkişafa nail olub. İctimai fikrin öyrənilməsi üzrə obyektiv təhlillər aparan Milli Sorğu Mərkəzinin (www.sorgu.az) bu mövzuda apardığı sorğunun nəticələri də göstərib ki, ictimaiyyət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən məmnundur. Sorğuda iştirak edən 20 655 nəfərin 72%-i Agentliyin işindən razı olduğunu ifadə edib.